Accessibility links

Şərqi Azərbaycanda polad sənayesində elektrik kəsintilərinə görə narazılıqlar artır


Şərqi Azərbaycan valisi və polad sənayesi rəhbərlərinin iclası
Şərqi Azərbaycan valisi və polad sənayesi rəhbərlərinin iclası

Dekabrın 21-də Təbrizdə keçirilən iclasda Azərbaycan Polad Assosiasiyasının nümayəndələri Şərqi Azərbaycan valisi Bəhram Sərməst ilə polad sənayesinin elektrik təchizatının kəsilməsi və bunun bu sahəyə mənfi təsirləri barədə müzakirə keçirib.

Tasnim xəbər agentliyinin məlumata görə, Bəhram Sərməst iclasda bildirib ki, polad sənayeçiləri enerji, xüsusilə elektrik təchizatı sahəsində Şərqi Azərbaycana haqsız yanaşıldığını düşünürlər. "Digər sənaye vilayətlərində polad istehsalçılarına daha çox güzəşt edilir. Lakin Şərqi Azərbaycanda vəziyyət fərqlidir və bu, sənayeçilər arasında narahatlıq yaradır "- deyə, vali bəyan edib.

Səhənd Azər Asiya Polad Şirkətinin maliyyə direktoru iclasda çıxış edərək Şərqi Azərbaycanın enerji məhdudiyyətləri sahəsində birinci yerdə olduğunu bildirərək bu vəziyyəti tənqid edib. "İlk altı ayda elektrik çatışmazlığı ilə mübarizə apardıq. Hazırda qaz kvotamız sıfıra endirilib, mazut yanacağı isə ümumiyyətlə təmin olunmayıb".

Vali Bəhram Sərməst Energetika Nazirliyindən bu məhdudiyyətlərə görə izahat istəyib və nazirliyin vəzifəli şəxsləri ilə telefon danışığı aparıb. İclasdan yayılan video-görüntüyə əsasən, telefon danışığında vali deyib ki, "İndi ki, Azərbaycan qışın sərt və soyuq şəraitindədir, siz cənub bölgəsində məhdudiyyətləri artırmaq əvəzinə, orada sənaye müssisələri bir gün bağlanır, biz isə burada iki gün kəsinti tətbiq edirik. Axı bu nə vəziyyətdir?"

İclasda iştirak edən digər polad istehsalçıları da enerji və elektrik sahəsindəki çatışmazlıqlarla bağlı problemləri dilə gətiriblər. Vali müvafiq nazirliyin vilayətdəki rəhbərinin bu problemlərin həlli istiqamətində müzakirə aparacağını deyib və sənaye müəssisələrinin sabit enerji təchizatının təmin olunması üçün bir həll yolu tapılmasını tələb edib.

Soyuq mövsümdə hökumət sənaye müssisələrinin enerjisini kəsməklə evlərin elektrik təminatını qorumağa çalışsa da, Təbrizdən gələn məlumatlar bu tədbirlərin yetərli olmadığını və evlərdə də elektrik enerjisinin tez-tez kəsildiyini göstərir. Bu vəziyyət sakinlər arasında narazılığa səbəb olur.

Şərqi Azərbaycan valisi bir neçə gün əvvəl Çillə gecəsi ərəfəsində müvafiq vəzifəli şəxslərə müraciət edərək, həmin gün evlərin elektrik enerjisinin kəsilməməsini xahiş etməişdi. Bu, Şərqi Azərbaycanda təkcə sənaye bölgələrində deyil, evlərdə də elektrik enerjisinin ardıcıl olaraq kəsildiyini göstərir.

Hökumət keçən günlərdə ölkədə enerji çatışmazlığına qarşı mübarizə çərçivəsində müvəqqəti həll yolu olaraq dövlət qurumlarının və təhsil müəssisələrinin bağlanmasına qərar vermişdi. 20-dən artıq vilayətdə enerji çatışmazlığı, soyuq hava şəraiti və havanın çirklənməsi səbəbindən ardıcıl bir neçə gün ərzində dövlət qurumlarının və bankların fəaliyyəti dayandırılmışdı.

Hazırda İranda elektrik enerjisi və qaz sahəsində istehsal olunan enerji miqdarı ölkənin ev təsərrüfatları və sənayesinin istehlakını ödəməyə kifayət etmir. Bu vəziyyət rəsmi olaraq İranda “enerji balanssızlığı” termini ilə ifadə edilir. Lakin elektrik stansiyalarının yaradılması sahəsində uzunmüddətli investisiyaların olmaması, mövcud elektrik stansiyalarının köhnəlməsi nəticəsində səmərəliliyin azalması, elektrik stansiyalarının qalıq yanacaqlardan asılılığı, təbii qaz hasilatına yatırılan investisiyaların yetərsizliyi, sanksiyalar və digər amillər ölkəni enerji qıtlığı böhranı ilə üzləşdirib.

Forum

XS
SM
MD
LG