Accessibility links

İranda enerji çatışmazlığı ehtimalı; 22 vilayətdə məktəblər və idarələr bağlanıb


Təbrizdə havanın çiklənməsi təhlükəli səviyyəyə çatıb
Təbrizdə havanın çiklənməsi təhlükəli səviyyəyə çatıb

Yanvarın 11-də İranın 31 vilayətindən 22-də idarələr və məktəblər bağlanıb. İran Azərbaycanının vilayətləri də bağlanan bölgələr arasındadır.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bu qərar hökumətin Enerji Təchizatının İdarə Edilməsi və Dayanıqlığı İşçi Qrupu tərəfindən qəbul edilərək vilayətlərə bildirilib. Hökümət tərəfindən yayımlanan bildirişə əsasən, bütün icra orqanları, ictimai institutlar, məktəblər, universitetlər, ali təhsil müəssisələri, banklar və sığorta şirkətləri bağlanıb və ya onlayn rejimdə fəaliyyət göstərir. Yalnız tibb müəssisələri, xidmət və təcili yardım qurumları kimi əlaqədar vahidlər bu qərardan istisna edilib.

Eyni bildirişdə hökumət bağlanmanın səbəblərini havanın kəskin soyuması, hava keyfiyyətinin azalması və qaz və elektrik təminatı sahəsində balanssızlıq” kimi göstərib. Hərçənd ki, ölkənin bəzi böyük şəhərlərində elektrik stansiyalarında mazut istifadəsi səbəbindən hava çirklənməsi müşahidə edilir, lakin kiçik şəhərlərin də bağlanması bu qərarın əsas səbəbinin enerji çatışmazlığı ola biləcəyi ehtimalını gücləndirir.

İranda həmçinin rəsmilər və media enerji təminatında yaranan problemləri təsvir etmək üçün "balanssızlıq" ifadəsindən istifadə edir. Lakin bəzi enerji mütəxəssisləri, hətta hökumətə yaxın mediada belə, bu ifadəni tənqid edərək İranda enerji böhranından bəhs edirlər.

Şənbə günü həmçinin Təbriz şəhərinin hava keyfiyyəti indeksi bütün qruplar üçün zərərli vəziyyətdədir. Vilayətin Hava Monitorinqi Mərkəzinin verdiyi məlumata əsasən, bu gün 2.5 mikronlu hissəciklər üzrə indeks 154-ə çatıb ki, bu da hamı üçün zərərli bir vəziyyəti göstərir. Bu durum elektrik stansiyasında elektrik istehsalı üçün təbii qaz əvəzinə mazut istifadəsi səbəbindən yaranıb və ölkədə təbii qaz çatışmazlığı ilə əlaqədardır.

Bununla yanaşı, bəzi xəbər mənbələri, o cümlədən Sharghdaily, yanvarın 12-də ölkənin bəzi vilayətlərində məktəblərin və idarələrin yenidən bağlana biləcəyi ehtimalını irəli sürüb.

Hökumət təbii qaz və elektrik enerjisinin çatışmazlığı səbəbindən idarələri və məktəbləri bağlayaraq ölkədə qaz və elektrik kəsintilərinin müvəqqəti azaldılmasına çalışır. Qış mövsümü boyunca bu cür genişmiqyaslı bağlanmaların həyata keçiriləcəyi ehtimal olunur.

Forum

XS
SM
MD
LG