Accessibility links

Azərbaycanlı mədəni fəallar İran Prezidenti Məsud Pezeşkianla görüşüb


Azərbaycanlı fəallar Məsud Pezeşkianla görüş keçirib
Azərbaycanlı fəallar Məsud Pezeşkianla görüş keçirib

Azərbaycanlı fəalların sosial şəbəkələrdə yaydığı məlumata görə, bir qrup azərbaycanlı mədəni fəal İran Prezidenti Məsud Pezeşkianla görüş keçirib.

Azərbaycanlı fəalların sosial şəbəkələrdə paylaşdıqları şəkillərdə və açıqlamalarda bildirilir ki, görüşdə İran Azərbaycanı əhalisinin problemləri və tələbləri müzakirə olunub. Onların sözlərinə görə, cəmiyyətin narahatlığına səbəb olan məsələlər prezidentin diqqətinə çatdırılıb.

Fəalların şəxsi səhifələrində yaydıqları məlumatlara əsasən, görüşdə Təbriz istilik elektrik stansiyasının ətraf mühiti çirkləndirməsi və bununla bağlı problemlərin həlli yolları, eləcə də bölgənin yanacaq tələbatını ödəmək məqsədilə Təbrizdə ikinci neft emalı zavodunun yaradılması zərurəti müzakirə olunub.

Görüşdə fəallar Təbriz-Zəncan avtomobil yolunun təmiri və yenidənqurma işlərinin aparılması ilə bağlı da tələblərini irəli sürüblər. Bundan əlavə, enerji, sənaye və ticarət sahələrində dövlət və özəl sektorun bölgəyə investisiyalar qoyması və bu istiqamətdə lazımi şəraitin yaradılması da müzakirə edilən məsələlər arasında olub.

Təbrizdə elektrik stansiyasında vaxtaşırı qaz yerinə mazut yanacağından istifadə edilməsi və bunun nəticəsində bölgədə, xüsusən də Təbriz şəhərində havanın çirklənməsi əhali tərəfindən ciddi tənqid olunur. Bununla yanaşı, Təbrizdə yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığı problemi də yaşanır. Məsul şəxslərin bildirdiyinə görə, Təbriz neft emalı zavodunun istehsal gücü bölgənin tələbatını ödəmədiyi üçün İsfahandan benzin idxalına ehtiyac yaranır.

Fəallar tərəfindən həmçinin prezident administrasiyasının hüquqi məsələlər üzrə müvafiq sənədlərin hazırlanmasında hüquq sahəsində çalışan kadrların, o cümlədən vəkillər kollegiyasının rəhbərlərinin potensialından yararlanması və bu sənədlərin təsdiqlənməsi üçün parlamentə təqdim edilməsi təklif olunub.

Azərbaycanın mədəniyyət və incəsənət məsələlərinə də diqqət yetirilməsi görüşün əsas mövzularından biri olub. Sonda Azərbaycan musiqi universitetinin yaradılması təklifi də irəli sürülüb ki, bu addım bölgədə yerli sənətçilərə dəstək vermək və mədəni irsi qorumaq məqsədi daşıyır.

Görüşdə iştirak edən azərbaycanlı fəallar arasında olan Həbib Şiriazər öz İnstagram səhifəsində yazıb ki, prezident diqqətlə dinləyərək, bu məsələləri ətraflı müzakirə edib və onların həlli üçün ciddi şəkildə çalışacağını bildirib.

Məlumat hələlik rəsmi mənbələrdə işıqlandırılmayıb və prezidentin bu görüşdə mövqeyi barədə dəqiq məlumat verilməyib. Görüşdə iştirak edənlər arasında Azərbaycan muğam musiqisinin ifaçısı və müəllimi Nasir Ətapur, Şərqi Azərbaycan vəkillər kollegiyasının keçmiş rəhbəri Hüseyn Şərəbiyani də olub.

Siyamək Kuşi və Yunis Zareiyyun kimi fəallar da bu görüşdə iştirak ediblər. Yunis Zareiyyun X hesabında yazıb ki, bir saat davam edən görüşdə ölkənin regionlarının geri qalmış vəziyyəti və “İran etniklərinin problemlərinə diqqət yetirilməsinin zəruriliyi” məsələsi müzakirə edilib.

Fəalların bildirdiyinə görə, bu qısa görüşdə ətraf mühit problemləri və Urmiyə gölü ilə bağlı məsələlərə də toxunulub.

Avqust ayında da bir qrup azərbaycanlı mədəni fəal İran Prezidentinin strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zəriflə görüşərək, İranın türk əhalisinə və ümumilikdə ölkənin mərkəzdən kənar bölgələrinə qarşı ayrı-seçkiliklə bağlı narahatlıqlarını ifadə etmişdilər.

İran prezident seçkilərinin birinci turunda seçici fəallığı nisbəti İran İslam Respublikasında ən aşağı səviyyəyə enərək, səsvermə hüququna malik olanların təxminən 40 faizini təşkil etmişdi. İkinci turda Pezeşkian ilə Cəlili arasında rəqabətin aparıldığı seçkilərdə bu rəqəm 49 faizə yüksəlsə də, seçicilərin yarısından çoxu səs verməkdən imtina etmişdi. İran hakimiyyətinin yaydığı statistikaya görə, ədalət və haqq diskursu ilə seçkilərdə iştirak edən Pezeşkian ən çox səsləri ölkənin etnik icmalarının yaşadığı bölgələrdən toplayıb. Bu icmalar arasında Pezeşkiana ən güclü dəstəyi azərbaycanlılar göstəriblər.

Buna baxmayaraq, İranın şimal-qərbində yerləşən Azərbaycan vilayətləri hələ də ciddi mədəni, iqtisadi və ətraf mühit problemləri ilə üz-üzədir. Prezident seçkilərinin keçirildiyi iyun ayından bəri azərbaycanlıların mədəni və iqtisadi tələbləri istiqamətində təsirli addımlar atılmayıb. Təbriz və İran Azərbaycanının vilayətlərində zəngin torpaqlarına baxmayaraq, son qırx il ərzində ciddi dövlət investisiyalarının olmaması ilə bağlı narazılıq mövcuddur.

Forum

XS
SM
MD
LG