Qərbi Azərbaycan vilayətinin Sənaye, Mədən və Ticarət Təşkilatının rəhbəri Sabir Pərnian, Tikantəpə (Tekab) qızıl mədəninin baş ofisi və bank hesablarının bu vilayətə köçürülməsini tələb edib.
İran mediasında yayımlanan məlumata görə, Pərnian bu tələbini vilayətin mədən sektorunun iqtisadi inkişafını sürətləndirmək, bölgədə bankların maliyyə dövriyyəsini gücləndirmək və mədən olan ərazilərdə insanların həyat şəraitini yaxşılaşdırmaq məqsədilə irəli sürdüyünü bildirib.
Sabir Pərnian həmçinin, Tekabın Zərşuran qızıl mədəninin baş ofisinin Tehrandan Qərbi Azərbaycana köçürülməsi tələbini qətiyyətlə davam etdirəcəyini vurğulayıb.
Zərşuran Qızıl Mədəni İranın ən böyük qızıl mədəni olaraq, Qərbi Azərbaycan vilayətinin Tekab şəhəri yaxınlığında yerləşir. Mədən, İranın milli qızıl hasilatının mühüm hissəsini təmin edir. Zərşuran mədəni həmçinin zəngin qızıl ehtiyatlarına malikdir və ölkənin ən mühüm mədənçilik obyektlərindən biri sayılır.
Buna baxmayaraq, bölgədəki azərbaycanlı milli fəallar və bəzi yerli rəsmilər Tekab qızıl mədəninin əldə etdiyi böyük gəlirlərin bölgəyə ayrılmamasından narazılıq ifadə ediblər.
Məsələn, Qərbi Azərbaycan vilayətinin valisi Mötəmedian vilayətin ölkənin külçə qızılının 38%-ni istehsal etməsinə baxmayaraq, bu sərvətin yerli əhaliyə fayda vermədiyini bildirmişdi. O, mədən sektorunun vilayətdə məşğulluq səviyyəsinə cəmi 1% təsir etdiyini vurğulayaraq, vilayətin zənginliyinin yerli insanlar üçün istifadə edilmədiyini qeyd etmişdi.
Vali qızıl mədənlərindən xammalın çıxarılmasını və istehsal prosesinin Tehran və Qum kimi mərkəzi bölgələrdə qurulmasını tənqid edib, bu yanaşmanın vilayətə iqtisadi fayda gətirmədiyini vurğulamışdı.
Bununla yanaşı, İran azərbaycanlıları Şərqi Azərbaycanda yerləşən Süngün mis mədənindən çıxarılan filizin də xam halda başqa bölgələrə daşınmasını və kondensasiya prosesinin İranın digər vilayətlərində aparılmasını tənqid edirlər. Onlar bu dəyərli mineralların bölgələrindən çıxarılmasının, həmin vilayətlərə çox az əlavə dəyər gətirdiyini bildirirlər.
Ümumiyyətlə, İranda mərkəziyyətçi idarə sistemi geniş tənqidlərə məruz qalır. Bu məsələ ilə bağlı İran prezidenti Məsud Pezeşkian da keçən günlərdə ölkədə mövcud mərkəziyyətçi sistemin dəyişdirilməsinin vacibliyini vurğulamışdı.
Bununla belə, İran Azərbaycanında yerli əhalinin yaşadıqları ərazilərdə resursların daha səmərəli istifadəsinə dair tələbləri ictimai müzakirələrin əsas mövzusuna çevrilsə də, İran İslam Respublikasının idarəçilik sistemində mərkəzsizləşdirmə siyasətinin yəni dövlətin idarəçilik səlahiyyətlərinin hökumətin yerli qurumlarına ötürülməsi həyata keçirilməsi ehtimalı ciddi şübhələrlə qarşılanır.
Tikantəpənin Zərşuran qızıl mədəni, təxminən 4 milyon ton qızıl filizi ehtiyatına malikdir və hər ton filizdə orta hesabla 5,7 qram qızıl mövcuddur.
Forum