Accessibility links

İran prezidenti ölkənin idarə sistemində desentralizasiyanın vacibliyini vurğulayıb


İran Prezidenti Məsud Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 3-də Rəzəvi Xorasan vilayətində iqtisadi fəalların iştirak etdiyi iclasda çıxış edərək, ölkənin müxtəlif bölgələri arasında ayrı-seçkiliyin mövcud olduğuna işarə edib. O, vilayət valilərinin səlahiyyətlərinin artırılması və ölkənin idarəetmə sistemində mərkəziyyətçiliyin azaldılmasının vacibliyini vurğulayıb.

İran mediasının yaydığı məlumata görə, Pezeşkian Məşhədə səfərində Rəzəvi Xorasan vilayəti ilə müqayisədə Azərbaycan, Kürdüstan və Xuzistan vilayətlərinin iqtisadi cəhətdən geri qaldığını qeyd edib.

"Baxışlarımızı dəyişməliyik ki, ədalət əsasında bu prosesləri düzəldə bilək. [Ölkənin] həm şərq, həm də qərb [hissəsi] yoxsuldur. Nefti, qazı, torpağı, suyu olan Kürdüstan, Azərbaycan və Xuzistanda insanların vəziyyəti Məşhəddən çox pisdir. Hər şey oradadır, amma insanlar məhrumiyyət içindədir; onların vəziyyəti burada gördüyümüzdən daha da bərbaddır. Cəmiyyətdə ədalətin bərqərar olması üçün düşünməliyik," -deyə o qeyd edib.

"Nefti, qazı, torpağı, suyu olan Kürdüstan, Azərbaycan və Xuzistanda insanların vəziyyəti Məşhəddən çox pisdir."
Məsud Pezeşkian

Pezeşkian, həmçinin, vilayət valilərinin səlahiyyətlərinin artırılmasının zəruriliyini vurğulayıb və bildirib ki, "biz ölkənin idarəetmə sistemində mərkəziyyətçiliyi aradan qaldırmalıyıq. Əvvəllər yerli hökumətlər və valilər yuxarı orqanlara maliyyə vəsaiti verirdilər, indi isə hamı pul istəyir. Yaxşı, gəlin bu qaydanı dəyişdirək; tam olaraq keçmişdəki kimi olmalı olduğunu demirəm, amma biz mərkəziyyətçi sistemi tərk etməliyik, bəzi insanlar yuxarıda oturub hər şeyi bildiklərini düşünürlər, halbuki aşağıdakıların heç nə başa düşmədiklərini sanan bu sistem aradan qaldırılmalıdır."

Pezeşkian, parlament üzvü olduğu dövrlərdə, sistemin ona "məhrum bir bölgənin əhalisi üçün işləməsinə" imkan vermədiyini ifadə edib, ölkənin müxtəlif bölgələrindəki məsul şəxslərə "özlərini göstərmək üçün səlahiyyət verilməli" olduğunu bildirib.

O, yerli vəzifəli şəxslərin səlahiyyətlərinin artırılması ilə ölkənin inkişaf edəcəyinə inandığını ifadə edib. Bununla belə, Pezeşkian, yerli vəzifəli şəxslərə verilən səlahiyyətlərin "dövlətin ümumi siyasətlərinə əsaslanmalı" olduğunu vurğulayıb, əks halda "xaos" yaranacağını qeyd edib.

İran Azərbaycanındakı müxalif siyasi fəallar, ölkədə qeyri-fars bölgələrə qarşı yalnız mədəni və dil ayrı-seçkiliyi deyil, həm də iqtisadi ayrı-seçkiliyin olduğunu iddia edirlər. Onların fikrincə, hökumət investisiyalarının böyük hissəsi mərkəzi və farsdilli vilayətlərə yönəldilir.

Bundan əlavə, bəzi yerli səlahiyyətlilər, o cümlədən valilər, bələdiyyə başqanları və deputatlar da ölkədə iqtisadi investisiyaların qeyri-bərabər şəkildə paylanmasını dəfələrlə tənqid ediblər.

Bu yaxınlarda Təbriz bələdiyyə başqanı, son beş onillikdə Təbrizdə hökumət investisiyalarının olmamasını vurğulayaraq, Məsud Pezeşkian hökumətində bu tendensiyanın dəyişəcəyinə ümid etdiyini bildirmişdi.

Şərqi Azərbaycanın valiləri, o cümlədən Purməhəmmədi və Abidin Xürrəm, səlahiyyətlərinin məhdudlaşdırılmasından narazı olduqlarını dəfələrlə dilə gətiriblər; Purməhəmmədi özünü işəgötürən adlandırmışdı.

Bu günlərdə isə, Şərqi Azərbaycan vilayətinin nümayəndə heyətinin rəhbəri olmuş Təbrizin İran parlamentindəki nümayəndəsi Əlirza Novin, ölkədə əyalət quruluşunun yaradılmasını və vilayətlərin idarəetmə səlahiyyətlərinin artırılmasını tələb edib.

Səlahiyyətlilərin bu şərhlərinə baxmayaraq, İranda ölkənin müxtəlif bölgələri arasında rifahın qeyri-bərabər bölüşdürülməsinə səbəb olan mərkəziyyətçi sistemin mövcudluğu, müxalif siyasi fəallar və bəzi səlahiyyətlilər tərəfindən dolayısı ilə ifadə edilsə də, bu vəziyyətin dəyişdirilməsi məsələsində İran prezidentinin mövqeyi və onun səlahiyyətlərindəki məhdudiyyətlər səbəbindən nə qədər mümkün olacağı siyasi müşahidəçilər tərəfindən şübhə ilə qarşılanır.

Forum

XS
SM
MD
LG