Təbriz şəhərinin bələdiyyə başqanı Yaqub Huşyar, Şərqi Azərbaycan vilayətinə hökumət tərəfindən yetərli investisiyanın ayrılmamasına diqqət çəkərək, şəhərin iqtisadi vəziyyətinin dirçəldilməsinə ehtiyac olduğunu vurğulayıb.
Fars xəbər agentliyinə verdiyi müsahibəsində Huşyar bildirib ki, Şərqi Azərbaycan vilayəti ölkədə iqtisadiyyatının 96%-i özəl sektorun əlində olan yeganə vilayətdir və son 50 ildə hökumət bu bölgəyə ciddi sərmayə yatırmayıb.
O, həmçinin qeyd edib ki, Şərqi Azərbaycan vilayəti və Təbriz şəhəri uzun illərdir İranın iqtisadi mərkəzlərindən biri olub və qeyri-neft ixracatında mühüm rol oynayıb. Lakin son illərdə bu mövqe zəifləyib.
Huşyarın sözlərinə görə, vilayətin iqtisadi mövqeyinin bərpası bir tərəfdən iqtisadi elitanın və sahibkarların miqrasiyasının qarşısını ala bilər, digər tərəfdən isə bölgəyə yeni kapital cəlb edilməsinə imkan yaradar.
"Vilayətin Mədən Sənayesi və Ticarət İdarəsinin statistikasına əsasən, ötən il Şərqi Azərbaycandan dünya bazarına 1 milyard 542 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib," - deyə Huşyar vurğulayıb.
O, vilayətin şokolad sənayesi, kişmiş, polad məhsulları və digər sənaye sahələrində ölkə üzrə birinci yerdə olduğunu qeyd edib.
Huşyar, Təbriz və Şərqi Azərbaycan vilayəti ötən illərdə müxtəlif istehsal sektorlarında xarici sərmayədarların cəlb olunması baxımından ölkədə ikinci sırada olduğunu irəli sürərəl, vilayətin yüksək potensiala malik olduğunu və Məsud Pezeşkiyan hökumətinin vilayətə investisiya etməsinin vacibliyini vurğulayıb.
Bələdiyyə başqanı əlavə edib ki, Süngün mis kompleksinin vergi gəlirlərinin vilayətə ayrılması əhali arasında əsas tələblərdən biridir. "Əgər bu vəsait tam təmin olunarsa, vilayətdə istehsal, kənd təsərrüfatı və sənaye sektorlarının inkişafına əhəmiyyətli töhfə verə bilər," - deyə Huşyar bildirib.
Forum