Accessibility links

İmişli rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alan daha bir uşaq ölüb


Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan daha bir uşaq xəstəxanada ölüb. Bununla qəza nəticəsində ölən uşaqların sayı 3 nəfərə çatıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata görə, Bakıda Yeni Klinikaya hospitalizasiya olunan azyaşlı həkimlərin səyinə baxmayaraq yanvarın 22-də ölüb.

Bundan əlavə yanvarın 18-də yol-nəqliyyat hadisəsində zərərçəkənlər yanvarın 22-də Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib.

DİN-in Mətbuat Xidmətinin məlumatına görə, qəbulda zərərçəkənlərə hadisənin təfərrüatları, maddi sübutlar – görüntülər göstərilib, aidiyyəti üzrə istintaqın gedişi ilə bağlı məlumat verilib.

Yerli medianın məlumatına görə, İmişli Rayon Məhkəməsi istintaq orqanının vəsatəti əsasında yanvarın 18-də bu rayonda baş verən yol qəzasından sonra "xuliqanlıq hərəkətlərinə" görə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə ittiham verilib.

Bununla yanaşı, yerli medianın bu xəbəri ilə bağlı Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hələ cavab verməyib.

Yanvarın 18-də İmişli rayonunda (Bakıdan 208 kilometr cənub-qərb) Dövlət Yol Polisi avtomobilinin digər avtomobillə toqquşması nəticəsində iki uşaq ölüb, iki uşaq, həmçinin bir sürücü xəsarət alıb.

Hadisədən sonra onlarla narazı insan toplaşıb, polis avtomoblini aşırıb, polisin ünvanına kəskin tənqidi fikirlər səsləndirib, polislə narazı insanlar arasında insident yaşanıb.

Beləliklə, yol polisinin iştirakı ilə avtoqəza faktı üzrə prokurorluqda, qəzadan sonra polislə insidentə görə polis orqanında cinayət işi başlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

Rəsmi məlumata görə, qəzanın törədilməsinə səbəb olan sürücülük vəsiqəsi olamayan 17 yaşlı mülki şəxs həbs edilib. Qəzada iştirak edən Dövlət Yol Polisi avtomobilini idarə edən polis əməkdaşının taleyi barədə hələ rəsmi məlumat açıqlanmayıb.

Forum

XS
SM
MD
LG