Accessibility links

Müsavat Partiyasının fəalı Əlikram Xurşidov inzibati həbsə məhkum edilib


Əlikram Xurşidov
Əlikram Xurşidov

Yanvarın 19-da Müsavat Partiyasının fəalı, keçmiş siyasi məhbus Əlikram Xurşidov Şirvan Rayon Məhkəməsinin qərarı ilə 10 sutka inzibati həbsə məhkum edilib.

Bununla bağlı Müsavat Partiyası bəyanat qəbul edib.

“Yanvarın 19-na keçən gecə, Əlikram Xurşidovun yaşadığı evə 15-20 nəfər maskalı şəxs tərəfindən basqın edilib. Gecə saat 3 radələrində olan basqından əvvəl onların yaşasığı ərazidə işıqlar söndürülüb. Polislər darvazanı aşaraq həyətə, oradan evə daxil olublar. Saxlanılan zaman ona dəyənəklə zərbələr endirildiyi bildirilir. Əlikram Xurşidovun səhhətində ciddi problemlər var, o, böyrək çatışmazlığından əziyyət çəkir. Onun saxlandığı vaxt və polis şöbəsində olarkən işgəncəyə məruz qaldığı haqda məlumatlar xüsusi narahatlıq və hiddət doğurur.

Günün sonunda Əlikram Xurşidov inzibati xəta törətməkdə ittiham edilib və ona 10 sutka həbs cəzası təyin edilib.

Əlikram Xurşidovun heç bir əsas olmadan həbs edilməsi, onun siyasi mövqeyi və sosial şəbəkələrdəki paylaşımlarda hakimiyyəti sərt tənqid etməsi ilə əlaqədardır. Müsavat Partiyası Əlikram Xurşidovun və bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını, ölkədə repressiyalara son qoyulmasını tələb edir”, sənəddə qeyd edilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Əlikram Xurşidovun saxlanılması ilə bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Əlikram Xurşidov bundan öncə 2022-ci ildə iyulun 26-da etiraz aksiyasında iştirak zamanı "polisə tabe olmamaq” ittihamı ilə 30 sutka inzibati həbs edilib.

Daha əvvəl o, 2017-ci il noyabrın 22-də həbs edilib. O, Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) və 315.2 (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham edilərək 5 il həbsə məhkum edilib.

Əlikram Xirşidov hər iki ittihamı qəbul etməyib, siyasi sifariş kimi qiymətləndirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Xurşidov 2019-cu il martın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub.

Forum

XS
SM
MD
LG