Avqustun 5-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşidovun barəsində 30 sutka inzibati həbs qərarından şikayəti təmin etməyib.
Vəkili Nemət Kərimli bildirib ki, məhkəmə prosesi zamanı Xurşidov ona qarşı işin saxtalaşdırıldığını, “polisə tabe olmamaq” ittihamının saxta olduğunu bildirib.
O deyib ki, iyulun 26-da günorta metronun “İçərişəhər” stansiyasında saxlanılıb. Lakin iş materialında yazılıb ki, guya Badamdar qəsəbəsində kiminləsə “telefonla yüksək səslə nalayiq sözlər danışarkən” saxlanılıb və polis onu “söyüş söyməməyə” çağıran zaman “polisin tələbinə tabe olmayıb”.
“Xurşidov ifadəsində bildirib ki, iyulun 26-da saat 11.15-də metronun “İçərişəhər” stansiyasından çıxarkən saxlanılıb. Lakin sahə polis müvəkkili öz ifadəsində qeyd edib ki, Xurşidov göstərilən vaxtda Badamdar qəsəbəsində saxlanılıb. “İçərişəhər” metrostansiyası ilə Badamdar qəsəbəsi arasında məsafə kifayət qədər böyükdür və Xurşidov metrodan çıxdıqdan dərhal sonra Badamdara gedə bilməz,” vəkil qeyd edib.
Müdafiə tərəfi vəsatət qaldırıb ki, iyulun 26-da saat 10.45-dən 11.25-dək “İçərişəhər” stansiyasının giriş-çıxışında Bakı metropoliteninin müşahidə kameralarından qeydlər tələb olunsun. Vəkil deyib ki, bu, Xurşidovun metrodan çıxma vaxtı ilə bağlı dediklərini təsdiqləyəcək, eyni zamanda ittihamın əsassızlığını sübut edəcək.
Lakin apellyasiya instansiyası vəsatəti təmin etməyib və birinci instansiya məhkəməsinin “qanunsuz qərarını” qüvvədə saxlayıb,” Kərimli vurğulayıb.
Onun sözlərinə görə, bu qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət veriləcək.
Əlikram Xurşidov iyulun 26-da "polisə tabe olmamaq” inzibati işi üzrə 30 sutkalığa həbs edilib.
Müsavat Partiyası ittihamı uydurma adlandırıb və bildirib ki, həbsin əsl səbəbi 20 iyulda ölkənin quru sərhədlərinin açılması tələbilə etiraz aksiyasında saxlanıldıqdan sonra polisin kobud hərəkətlərini bildirməsidir.
Daxili İşlər Nazirliyi bu iddiaları rədd edərək, Xurşidovun inzibati hüquqpozmaya görə məsuliyyətə cəlb olunduğunu bildirib.