İmişli rayonunda iki azyaşlının ölümünə səbəb olan yol qəzası ilə bağlı Baş Prokurorluq məlumat yayıb.
Rəsmi məlumatda qəza ilə bağlı 17 yaşlı sürücünün həbs edildiyi qeyd edilir.
"Yanvarın 18-də, İmişli şəhəri ərazisində "Mercedes-Benz" markalı fərdi nəqliyyat vasitəsi və "BMW" markalı Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb", məlumatda əlavə edilir.
Məlumatda qeyd edilir ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü şəxsin qohumuna məxsus "Mercedes Benz 190" markalı avtomobili "...qaçıraraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan sürüb.
"Yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olmasına və idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib", məlumatda qeyd edilib.
Prokurorluq eyd edib ki, həmin şəxs Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində olunub.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında İmişli rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxsin yaxınları və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
İmişlidə nə baş verib?
İmişli rayonunda ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, başlanmış cinayət işi ilə əlaqədar istintaq olunan şəxslər vəkillə təmin olunub, istintaqın obyektiv aparılması üçün qanuna müvafiq tədbirlər görülür.
Bununla yanaşı, Mətbuat xidməti həbs edilən şəxslərin sayı və kimliyi barədə məlumat yaymayıb. Mətbuat xidməti həbs edilənlərin fotolarını mətbuata təqdim edib. Fotoda 9 nəfər görünür.
Bununla yanaşı, Daxili İşlər Nazirliyinin məlumatına həbs edilən şəxslərin yaxınları və vəkilləri hələ münasibət bildirməyib.
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli hökuməti insidentdə iştirak edən insanların həbs edilməməsinə çağırıb.
"Videoya baxan hər kəs görür ki, uşaqların öldürülməsindən güclü ruhi həyacan vəziyyətinə düşmüş əli yalın şəxslər polis maşınına heç bir ciddi xəsarət yetirməyib. Həmin gənclərlə müəyyən söhbət aparılıb azad edilməlidirlər", o, Facebook səhifəsində qeyd edib.
İmişlidə baş verən qəza hadisəsi ilə bağlı isə prokurorluqda cinayət işi qaldırılıb.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Prokurorluğun məlumatında saxlanılanlar barədə məlumat verilmir.
Yanvarın 18-də İmişli rayonunda (Bakıdan 208 kilometr cənub-qərb) Dövlət Yol Polisi avtomobilinin digər avtomobillə toqquşması nəticəsində iki uşaq ölüb, digər iki uşaq, həmçinin sürücü xəsarət alıb.
Bu hadisədən sonra onlarla narazı insan hadisənin baş verdiyi yerə toplaşıb, polis avtomoblini aşırıb, polisin ünvanına kəskin tənqidi fikirlər səsləndirib, polislə narazı insanlar arasında insident yaşanıb.
Forum