İmişli rayonunda (Bakıdan 208 kilometr cənub-qərb) Dövlət Yol Polisi avtomobilinin digər avtomobillə toqquşması nəticəsində iki uşaq ölüb, digər iki uşaq, həmçinin sürücü xəsarət alıb.
Bu hadisədən sonra onlarla narazı insan hadisənin baş verdiyi yerə toplaşıb, polis avtomoblini aşırıb, polisin ünvanına kəskin tənqidi fikirlər səslənidrib, polislə narazı insanlar arasında insident yaşanıb. Saxlanılanlar var.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətinin məlumatına görə, yanvarın 18-də İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Faktla bağı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bildirib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyi Mətbuat xidməti həmçinin bildirir ki, İmişlidə “xuliqanlıq hərəkətləri törədən şəxslər” saxlanılıb.
Xidməti avtomobilə əlavə zərər vurmaqla hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər müəyyən olunaraq saxlanılıb”, məlumatda deyilir.
Fakta görə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Forum