Accessibility links

Həbsdə olan AXCP fəalının aclığa başladığı bildirilir


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan fəalı Niyaməddin Əhmədov aclığa başlayıb.

Bu barədə AXCP məlumat yayıb.

Əhmədovun aclığa başlamasına səbəb cərimə təcridxanasına (karser) salınması olub.

“Niyaməddin Əhmədovun 7 saylı Cəzaçəkmə Müəssisəsində son zamanlar qeydə alınan ölüm hadisəsini ictimailəşdirdiyi üçün cərimə təcridxanasına salınıb. O buna etiraz olaraq aclıq aksiyasına başlayıb”, AXCP-nin məlumatında deyilir.

Belə ki, Azadlq qəzeti yanvarın 16-da Facebook səhifəsində son 10 gün ərzində 7 saylı Cəzaçəkmə Müəssisəsində baş verən ölüm hadisəsi barədə məlumat yayıb.

“7 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş ölüm hadisəsinin səbəbləri barədə azadliq.info-ya ilginc məlumat daxil olub. Məhbus Nağıyev Tural Elxan oğlu cəza çəkdiyi 7 saylı Çəzaçəkmə Müəssisində vəhşicəsinə döyülərək təhqir edilib. Sonra isə cərimə kamerasına (karserə) salınıb. Verilən məlumata görə, məhbus ona edilən təhqirlər səbəbindən karserdə özünü asaraq intihar edib. Həmin cəzaçəkmə müəssisəsində digər bir məhbusun da həyatının təhlükədə olduğu bildirilir. Gəncədən olan Orxan adlı məhbus dustaq yoldaşları arasında "ölüm hadisəsindən sonra rəisi dəyişərlər" dediyinə görə karserə salınıb. Ona da işgəncə verildiyi bildirilir”, xəbərdə qeyd edilir.

Bununla yanaşı, Penitensiar Xidmət Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Niyaməddin Əhmədov haqqında məlumatlar əsassızdır.

"Qeyd olunan şəxs cərimə təcridxanasına keçirilməyib və hazırda aclıq etmir. Müəssisənin yaşayış sahəsində digər məhkumlarla bərabər saxlanılır. Əhmədovun hüquqları təmin olunur, qanuni mənafeyi qorunur. Eyni zamanda, müəssisə rəisi və digər əməkdaşlar tərəfindən məhkum təhdidlərə və təzyiqlərə məruz qalmamışdır", Penitensiar Xidmətin cavabında qeyd edilir.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə - 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Forum

XS
SM
MD
LG