Yanvarın 17-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Əsgər Ağasoy polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib. O ailəsinə zəng edərək bildirib ki, saxlanılan zaman fiziki təzyiqə məruz qalmayıb.
Bu barədə AXCP Naxçıvan Muxtar Respublikası Ordubad rayon şöbəsinin sədri Bəhlul Muradov Amerikanın Səsinə deyib.
Ağasoy yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində saxlanılıb.
“Polis yanvarın 15-də axşam saatlarında rayonun Üstüpü kəndinə gələrək bu kənddə yaşayan, ixtisasca çoğrafiya müəllimi, hazırda işsiz olan fəal Əsgər Ağasoyu saxlayaraq Ordubad Polis şöbəsinə aparıb”, Muradov qeyd edib.
Azərbaycan Xalq Cəbhəsi Partiyası bildirib ki, Əsgər Ağasoyun həbsi onun sosial şəbəkələrdəki tənqidi baxışları ilə bağlıdır.
"AXCP üzvlərinə qarşı təzyiqlər artıb. Yalnız son bir həftədə 3 nəfər AXCP üzvü həbs olunub. AXCP Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev və Xəzər şöbəsinin fəalı Əlisahib Kərimov hər biri 30 sutka müddətinə inzibati qaydada həbs olunublar. Evindən zorla həbs edilərək polisə aparılmış AXCP Ordubad şöbəsinin üzvü Əsgər Ağasoy da 30 sutka inzirati qaydada həbs edilib. Son günlərdə həbs olunmuş cəbhəçilərin hər üçü sosial şəbəkələrdəki tənqidi şərhlərinə görə həbs olunublar. Deməli rejimin prioriteti hakimiyyətə qarşı sosial şəbəkələrdə daha da artan sərt tənqid dalğasını durdurmaqdır", AXCP sədri Əli Kərimli Facebook səhifəsində qeyd edib.
Polis fəalların saxlanılması barədə hələ məlumat yaymayıb.
Forum