Accessibility links

İranın sərhəd bölgələri bank kreditlərinə çıxışda çətinliklərlə üzləşir


Şərqi Azərbaycan valilik binası
Şərqi Azərbaycan valilik binası

İran Mərkəzi Bankının bank əmanətləri və verilmiş kreditlərə dair statistikası ölkədə bank kreditlərinin paylanmasında ciddi bərabərsizliyin olduğunu göstərir. Bu bərabərsizlik, xüsusilə mərkəzi vilayətlər ilə sərhəd vilayətləri arasındakı ədalətsiz kredit bölgüsündə özünü aydın şəkildə büruzə verir.

İran mediasının İran Mərkəzi Bankının sentyabr ayının ortalarına aid məlumatlarına istinadən yaydığı xəbərə görə, ölkə üzrə ümumi bank kreditlərinin qalıq borcunun 68 faizi Tehran, İsfahan və Rəzəvi Xorasan vilayətlərində cəmləşib.

Halbuki, ölkənin sərhəd vilayətləri, o cümlədən Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil, mərkəzi vilayətlərlə müqayisədə çox az kredit alıb. Başqa bir sərhəd vilayəti olan Sistan və Bəlucistan isə ən az bank kreditləri alan vilayət olub.

Təbriz Ticarət Palatasının müavini Məsud Binabian yaxın zamanda vilayətlər arasında bank kreditlərinin qeyri-bərabər paylanması ilə bağlı narazılığını ifadə etmişdi. O, ölkədəki bank kreditlərinin 70 faizinin üç vilayətə ayrıldığını və ölkədə sərvətin ədalətsiz paylanmasını tənqid etmişdi.

Tehran vilayəti bank əmanətlərinin 57 faizini saxlayır
Tejaratnews vebsaytının yayımladığı məlumata görə, Tehran vilayəti təkbaşına ölkənin bank əmanətlərinin 57 faizini cəlb edib və 6 min 375 trilyon tümənlə liderdir. İsfahan və Rəzəvi Xorasan vilayətləri isə ümumi əmanətlərin müvafiq olaraq 4,5 faizi və 3,9 faizi ilə Tehranın ardınca gəlir. Bu üç vilayət birlikdə ölkənin ümumi bank əmanətlərinin 65,4 faizini təşkil edir.

Tehran, İsfahan və Rəzəvi Xorasan vilayətlərinin bankları yüksək əmanət həcmi ilə yanaşı, həm də cari kredit borcları və problemli kreditlər, yəni borcları ardıcıl şəkildə ödənilməyən kreditlərə də sahibdir. Bu üç vilayət, ümumi bank kreditlərinin qalıq borcunun təxminən 68 faizini təşkil edir.

İran Azərbaycanı vilayətləri bank kreditlərini cəlb etməkdə çətinlik çəkdiyi halda, İsfahan, Yəzd və Fars kimi mərkəzi vilayətlər bank resurslarından ən çox faydalanıblar.

İsfahan vilayəti 508 trilyon tümən əmanət və 341 trilyon tümən aktiv kreditlə Tehrandan sonra ölkədə ikinci yerdə qərarlaşıb.

Tejaratnews-un İranın Mərkəzi Bankı statistikalarına əsasən yayımladığı infoqrafik məlumatlara görə, Tehran, Semnan, Yəzd və İsfahan vilayətləri adambaşına düşən kredit həcminə görə ən yüksək göstəricilərə malikdir və bu rəqəm 10 milyon tüməni aşır. Halbuki, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil vilayətlərində adambaşına düşən kredit 5-7,5 milyon tümən arasındadır.

Bu cür kredit bölgüsündəki bərabərsizlik yalnız iqtisadi deyil, həm də sosial və regional inkişaf baxımından ciddi təsirlər doğurur. Sərhəd vilayətlərinin bank kreditlərindən yetərincə faydalana bilməməsi, bu bölgələrin infrastrukturunun zəif qalmasına, işsizlik səviyyəsinin artmasına və yerli sahibkarların maliyyə dəstəyi tapmaqda çətinlik çəkməsinə səbəb olur.

Mərkəziyyətçi idarəetmə sistemi, resursların əsasən mərkəzi vilayətlərə yönəldilməsi ilə bu bölgələrdə iqtisadi imkanların daha da möhkəmlənməsinə şərait yaradır. Nəticədə, sərhəd vilayətləri ilə mərkəzi bölgələr arasında inkişaf fərqi getdikcə dərinləşir. Beləliklə, ölkədə resursların qeyri-bərabər bölgüsü etnik icmaların yaşadığı bölgələrdə regional narazılıqların artmasına səbəb olur. Desentralizasiyanın vacibliyi dəfələrlə vurğulansa da, bu istiqamətdə əməli addımların atılmaması problemi daha da kəskinləşdirir.

Forum

XS
SM
MD
LG