Şərqi Azərbaycan vilayətinin Kəleybər, Xüdafərin və Horand bölgələrinin millət vəkili Behnam Rizvani Energetika naziri Abbas Əliabadinin iştirakı ilə keçirilən parlament iclasında çıxış edərək, bölgənin su və infrastruktur problemlərinə diqqət çəkib.
Fars xəbər agentliyinin məlumatına görə, Rizvani bölgədə 250 kəndin su qıtlığı ilə üzləşdiyini vurğulayıb. O, bəzi kəndlərdə sakinlərin 72 saat ərzində cəmi iki saat keyfiyyətsiz içməli su əldə edə bildiyini qeyd edib.
Millət vəkili regionda qeyri-bərabər inkişaf, resursların ədalətsiz bölgüsü və yanlış siyasətlər nəticəsində bölgənin geri qaldığını bildirib. O, xüsusilə kənd yollarının baxımsızlığını və ağır qış şərtləri ilə yaz daşqınları səbəbindən bu yolların tez-tez bağlanmasını vurğulayıb. Rizvani əlavə edib ki, üç şəhərin kənd yollarının vəziyyəti ölkə üzrə ortalama göstəricilərdən xeyli aşağıdır.
O, bölgədəki yol-nəqliyyat problemlərini də vurğulayıb. Rizvaninin sözlərinə görə, hər il marşrutlarda 100 minə yaxın nəqliyyat vasitəsi hərəkət edir və təxminən 60 nəfər yol qəzalarında həyatını itirir.
Millət vəkili Kəleybər, Xüdafərin və Horand bölgələrindəki 200 kəndin illərdir suvarma problemləri ilə üzləşdiyini, kənd təsərrüfatı sahələrinin böyük bəndlərin yaxınlığında yerləşməsinə baxmayaraq su qıtlığı çəkdiyini bildirib.
"Kəndlərdə su təchizatı şəbəkələrinin çoxu köhnəlib, infrastruktur 40 il əvvəlki kimi qalır. Ayrılan bu kreditlərlə bölgənin əhalisini içməli su ilə təmin etmək üçün daha 10 il gözləməli olacaq və bu ədalətsizliyi, biganəliyi, tədbirsizliyi bağışlamaq olmaz" - deyə, millət vəkili ifadə edib.
Rizvani bölgə əhalisinin 26 faizinin dövlət yardımı ilə yaşadığını da qeyd edərək, təcili olaraq bölgənin infrastrukturun inkişaf etdirilməsinə çağırıb.
Forum