Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirlən prosesdə dövlət ittihamçısı ictimai fəal Rail Abbasova 8 il həbs istəyib.
Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.
Onun sözlərinə görə, məhkəmə müdafiə tərəfinin vəsatətlərinin heç birini təmin etməyib.
Növbəti məhkəmə iclası dekabrın 26-da müdafiə tərəfinin çıxışı ilə davam etdiriləcək.
İctimai fəalın məhkəməsi bu il mayın 6-da başlayıb. Rail Abbasov məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib. O qeyd edib ki, Bəxtiyar Hacıyevin müdafiəsində fəal iştirakına görə həbs olunub.
Bakının Nəsimi rayon Məhkəməsi ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur. İstintaq orqanı ictimai fəalı ev alqı-satqısı zamanı dələduzluqda günahlandırır.
Rail Abbasov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Forum