Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Vəkil Elçin Sadıqov məhkəmədə cinayət işinin qurama olduğunu bildirib. Vəkil Abbasovun siyasi məhbus kimi tanınan hüquq müdafiəçisi Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə həbs olunduğunu əsas gətirərək onun barəsində seçilən həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz olunması ilə barədə vəsatət verib.
Sadıqov həmçinin məhkəmədən zərərçəkmiş səxslərin və şahidlərin barəsində cinayət işlərinin olması ilə bağlı Daxili İşlər Nazirliyinin reyestrində məlumatların olub-olmamasını müəyyənləşdirmək üçün sorğu göndərilməsini xahiş edib.
Zərərçəkmiş şəxs kimi tanınan Əsgər Həziyev müdafiə tərəfinin vəsatətlərinin təmin olunmasını istəsə də məhkəmə vəsatəti təmin etməyib.
Məhkəmə baxışı aprelin 18-nə təyin edilib.
Bakının Nəsimi rayon Məhkəməsi ötən il sentyabrın 20-də Rail Abbasov barəsində həbs-qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.
Rail Abbasov ittihamı qəbul etmir, həbsinin Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə etməsi ilə əlaqəli oduğunu bildirir.
Forum