Gürcüstan hökuməti Almaniyadan deportasiya olunandan sonra Azərbaycanda həbs olunmuş fəal Samir Aşurovun ailəsinə siyasi sığınacaq verməkdən imtina edib.
Bu barədə Aşurovun hazırda Tbilisidə olan həyat yoldaşı Nuranə Aşurova Amerikanın Səsinə bildirib.
Aşurova bildirib ki, Azərbaycanda ünvanına hədələrdən sonra 2023-cü ilin yayında iki azyaşlı uşağı ilə birlikdə Gürcüstana gedib. O, Gürcüstandan siyasi sığınacaq istəyib, lakin ölkənin miqrasiya orqanları bundan imtina edib. Aşurovanın sözlərinə görə, o, Gürcüstan hakimiyyətinin qərarından yerli məhkəməyə şikayət edəcək.
Siyasi mühacir Samir Aşurov 29 mart 2023-cü ildə Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib.
Həmin ilin iyulun 21-də Aşurova qarşı yeni ittiham irəli sürülüb- silah tətbiq etməklə xuliqanlıq. 2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Samir Aşurovu "siyasi məhbus" kimi tanıyıb və hesab edirlər ki, təqibin əsl səbəbi Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz edən azərbaycanlı siyasi mühacirlərin aksiyalarında iştirak etməsidir.
Forum