Təbrizdə yaşayan azərbaycanlı milli fəal və rəqs müəllimi Peyman İbrahimi həbs cəzasını çəkmək üçün Təbriz Məhkəməsinə çağırılıb.
Hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumatlara əsasən, İbrahimi Təbriz Ümumi və İnqilab Prokurorluğunun hökmlərin icrasının 7 saylı şöbəsindən bildiriş alıb. Bildirişdə ona 5 gün ərzində məhkəməyə müraciət etməsi tapşırılıb. Bildiriş noyabrın 18-də milli fəala çatdırılıb.
Peyman İbrahimi ötən ilin dekabrında Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsinin hakimi Rəhim Həmbərin qərarı ilə "rejim əleyhinə təbliğat fəaliyyəti göstərmək" və "rəhbərliyi təhqir etmək" ittihamları ilə ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilmişdi.
İbrahimiyə göndərilən son bildirişdə onun məhkəməyə çağırılma səbəbi "ictimai əxlaq və cəmiyyətin mənəvi dəyərlərinə zidd hərəkətlərin həyata keçirilməsi" ilə əlaqələndirilib. Hüquq müdafiəçisi Sina Yusifi bu məsələ ilə bağlı X sosial şəbəkəsində bu çağırış vərəqəsində dərc olunan çağırış səbəbi kimi qeyd edib ki, "İran hakimiyyətinə görə, Azərbaycan rəqsi ictimaiyyətin iffətini və əxlaqını pozur."
Peyman İbrahimi 2023-cü ilin avqustun 26-da Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən evinə basqın edilərək həbs edilib. O, Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına aparılıb və orada, eləcə də Təbriz Mərkəzi Həbsxanasında iki aydan çox saxlanılaraq dindirilib.
Azərbaycanlı sənətçi nəhayət, 300 milyon tümənlik girov qarşılığında həmin ilin oktyabrın 26-da Təbriz həbsxanasından müvəqqəti olaraq azadlığa buraxılmışdı.
Forum