Accessibility links

Peyman İbrahimi 22 aydan çox həbs cəzasına məhkum edilib


Güneyli fəal Peyman İbrahimi
Güneyli fəal Peyman İbrahimi

Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəal Peyman İbrahimiyə 22 ay 17 gün həbs cəzası verib.

Bu barədə "AZOH" Telegram kanalı məhkəmə hökmünün surətini paylaşaraq məlumat yayıb.

Təbriz İnqilab Məhkəməsinin 1 saylı şöbəsi milli fəalı "sistemə qarşı təbliğat fəaliyyəti göstərmək" ittihamı ilə 7 ay 16 gün, "rəhbəri təhqir etmək" ittihamı ilə isə 15 ay 1 gün həbs cəzasına məhkum edib. Həmin hökmü hakim Rəhim Həmbər verib. Həmbər jurnalistləri, azərbaycanlı etnik azlığından olan fəalları və əmək haqları fəallarını ağır cəzalara məhkum etdiyi üçün 2013-cü ildə Avropa İttifaqının sanksiya siyahısına daxil edilib.

Peyman İbrahimi bu il dekabrın 11-də Təbriz Cinayət Məhkəməsinin 118 saylı şöbəsində müdafiəsini təqdim edib. Milli fəal "sistemə qarşı təbliğat aparmaq" ittihamından həbs cəzasına məhkum edilsə də, həmin məhkəmə vəkilinin müdafiə layihəsini təqdim etməsindən sonra ona bu ittiham üzrə bəraət qazandırıb. Lakin dekabrın 13-də Təbriz İnqilab Məhkəməsində keçirilən iclasda yenidən bu ittihamı və 7 ay 16 gün həbs cəzasını ona verilən həbs cəzasına əlavə edib.

Bununla da o, iki ittiham üzrə təqsirli bilinərək ümumilikdə 22 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib.

Bu avqustun 26-da Təbriz Kəşfiyyat İdarəsi agentləri tərəfindən həbs edilən ənənəvi Azərbaycan rəqsi müəllimi və milli fəal Peyman İbrahimi 61 gün nəzarətdə saxlandıqdan sonra oktyabrın 25-də Təbriz Mərkəzi Həbsxanasından 300 milyon tümənlik girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

Milli fəal iki aya yaxın Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasında dindirilib. Lakin bu müddət ərzində vəkildən məhrum edilib və ailəsi ilə əlaqə saxlamağa imkan verilməyib. Tanınmış incəsənət xadimi mərhum Aşıq Qafar İbrahiminin oğlun Peyman İbrahiminin qonşularının dediyinə görə, o, saxlanıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən şiddətli şəkildə döyülüb.

Forum

XS
SM
MD
LG