Accessibility links

Təbriz sakini Cəbrayıl Pakruh polis zorakılığına etiraz etdiyi üçün həbsə məhkum edilib


Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz, İran.
Şərqi Azərbaycan vilayətinin Ədliyyə binası, Təbriz, İran.

Təbriz sakini Cəbrayıl Pakruh şəhərin Cinayət Məhkəməsi tərəfindən altı aylıq həbs cəzasına məhkum edilib.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin məlumatına görə, Təbriz Cinayət Məhkəməsinin 109 saylı şöbəsi tərəfindən qiyabi şəkildə çıxarılan hökmə əsasən, Cəbrayıl Pakruh “sosial mediada yalan məlumat yaymaq” ittihamı ilə həbs cəzasına məhkum edilib.

Məhkəmə hökmünə əsasən, Pakruh “dərc edilmiş yalan məlumatları düzəltmək üçün məqalə dərc etmək” və “rəsmi xəbər nəşrlərindən biri vasitəsilə üzrxahlıq elan etmək” öhdəliyinə görə məhkum edilib. Bu iş Şərqi Azərbaycan vilayətinin polis qüvvələrinin hüquq və parlament işləri idarəsinin şikayəti əsasında başlanıb.

Cəbrayıl Pakruh azərbaycanlı fəal Fərhad Pakruhun atasıdır. O, daha əvvəl özü və oğlunun fəaliyyətləri ilə əlaqədar təhlükəsizlik qüvvələrinin təzyiqlərinə məruz qalıb. 2023-cü ilin oktyabrında sosial şəbəkələrdə video-görüntülər paylaşaraq, özü, qardaşı və oğlunun polis məmurları tərəfindən döyüldüyünü və məhkəmələrin onların şikayətlərinə baxmaqdan imtina etdiyini açıqlamışdı. Bu videoları paylaşdığı üçün Pakruh Təbrizin kiber polis mərkəzinə çağırılmış və onun haqqında hüquqi iş qaldırılmışdı.

HRA-ya danışan ailəyə yaxın mənbənin məlumatına görə, Cəbrayıl Pakruh 2021-ci ildə maliyyə ittihamı ilə həbs olunduğu zaman polis tərəfindən döyülüb. Bu zorakılıq nəticəsində başında daxili qanaxma yaranıb. Cərrahiyyə əməliyyatı keçirilsə də, o, yerimək qabiliyyətini itirib və hazırda görmə zəifliyi və əzələ hərəkətlərində ciddi problemlər yaşayır.

2024-cü ilin aprel ayında Pakruh “sosial mediada yalan məlumat yaymaq” ittihamı ilə Təbriz Ümumi və İnqilab Prokurorluğu tərəfindən çağırış vərəqəsi alıb. May ayında polis tərəfindən saxlanılaraq sorğu-sual edildikdən sonra Təbriz həbsxanasına köçürülüb və iki gün sonra isə 100 milyon tümən girov müqabilində müvəqqəti olaraq sərbəst buraxılıb.

İyun ayında o həmin ittihamla əlaqədar məhkəmə iclasına çağırılıb. Xəstəxana çarpayısında çəkdiyi videoda Pakruh ciddi sağlamlıq problemlərindən əziyyət çəkdiyini və bu vəziyyətin həbsdə aldığı xəsarətlərlə əlaqəli olduğunu bildirib.

Forum

XS
SM
MD
LG