Noyabrın 6-da Azərbaycan Ali Məhkəməsi demokratik.az saytının rəhbəri Osman Nərimanoğlunun (Rzayev) pul tələb etmə ittihamı ilə 6,5 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verdiyi şikayəti təmin etməyib.
Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə deyib ki, Ali Məhkəmə hökmü dəyişiklik etmədən qüvvədə saxlayıb.
Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə pul tələb etmə ittihamı ilə həbs olunub. O, ittihamın yalan olduğunu və barələrində korrupsiya əməlləri haqqında yazılar dərc etdiyi yerli Meliorasiya İdarəsinin məmurlarının, həmçinin Goranboy və Göygöl rayonlarının həkimlərinin ona böhtan atdığını bildirib.
Bu il yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib, mayın 17-də isə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Hüquq müddafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.
Forum