Gəncə istintaq təcridxanasında saxlanılan demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu (Rzayev) müddətsiz aclıq aksiyasına başladığını bildirib. O, qanunsuz həbsinə və birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə “qərəzli baxılmasına” etiraz edir.
Jurnalistin həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib ki, Osman Nərimanoğlu mayın 12-də 2 saylı Gəncə İstintaq Təcridxanasında aclıq aksiyasına başlayıb.
Rzayevanın sözlərinə görə, həyat yoldaşı məmurların böhtanının qurbanı olub, əsassız olaraq 23 aydır həbsdədir.
“Gəncə Apellyasiya Məhkəməsi isə obyektiv araşdırma aparmır və artıq bir aydır ki, istintaqı yubadır. Həyat yoldaşım məhkəmənin ədalətli olacağına inamını itirib və ümidsizlikdən aclıq aksiyasına başlayıb”, o qeyd edib.
Bu iş üzrə apellyasiya məhkəməsinin növbəti iclası mayın 16-na təyin edilib.
Penitensiar Xidmət Amerikanın Səsinin jurnalistin aclıq aksiyasına başlaması ilə bağlı sorğusuna hələ cavab verməyib.
Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilərək həbs edilib. Jurnalist ittihamı saxta adlandırıb, rəhbərlik etdiyi saytın korrupsiya faktları ilə bağlı materiallar dərc etdiyinə görə Meliorasiya İdarəsinin məsul şəxsləri, həmçinin Goranboy və Göygöl rayonlarının həkimləri tərəfindən ona böhtan atıldığını bildirib.
Yanvarın 25-də məhkəmə Osmanoğlunu 6,5 il müddətinə azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıb.
Forum