Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan "Demokratik.az" saytının redaktoru Osman Nərimanoğlu (Rzayev) keçirdiyi aclıq aksiyasını 12 gündın sonra, avqustun 4-də dayandırıb.
Bu barədə redaktorun həyat yoldaşı Arzu Rzayeva Amerikanın Səsinə bildirib.
“Bizim xahiş və təkidimizlə bu gün aclıq aksiyasının 12-ci günündə aclığı dayandırdı. Bildirdi ki, hüquqi müstəvidə mübarizəsini davam etdirəcək. Təəssüf etdi ki, 12 gün ərzində nə Ombudsman Aparatından, nə də Baş Prokurorluqdan onun tələbləri ilə bağlı heç kəs maraqlanmayıb. Aclıq Osmanda halsızlıq, təzyiqin kəskin aşağı düşməsi, mədəsində ağrılar, baş gicəllənməsi və yaddaşında problemlər yaradıb”, o qeyd edib.
Avqustun 3-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədriliyi ilə jurnalistin məhkəməsi davam etdirilib.
“Prokurorun sualları ilə başlayan prosesdə çox təəssüf ki, Osman aclıq keçirdiyi üçün demək olar ki, ayaq üstə güclə dayanırdı, səsi zorla eşidilirdi. Biz sərin su aparmışdıq, amma suyu belə Osmana verməyimizə imkan vermədilər”, Arzu Rzayeva bildirirb.
Məhkəmənin növbəti iclası digər hakim Dadaş İmanovun məzuniyyətə çıxması səbəbindən sentyabrın 7-nə təyin edilib.
Osman Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy rayon Meliorasiya İdarəsinin məmurundan və Göygöl rayon xəstəxanasının həkimlərindən hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunaraq həbs edilib. O, həbs olunduqdan sonra bildirib ki, ittihamlar yalandır, korrupsiyalarını ifşa etdiyi şəxslər ona böhtan atıblar.
Forum