Son 5 ildə edam cəzasına məhkum edilmiş iki məhbusun edam hökmü Zəncan həbsxanasında icra olunub.
İran İnsan Haqları Təşkilatı (İHR) hər iki məhkumun Zəncandan olduğunu bildirib. Məlumata görə, Məhəmmədrza Hacıxani 3 il əvvəl, Mehran Sultani isə 5 il əvvəl "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum ediliblər.
İran həbsxanalarında icra edilən edamlarla bağlı bir çox məlumat rəsmi mənbələr tərəfindən açıqlanmır və mətbuatda dərc edilmir. Bu edamların da ölkə mətbuatında işıqlandırılmadığı bildirilir.
Hüquq müdafiəçiləri qeyd edirlər ki, İran cinayət qanunlarında qətlin motivi və növü nəzərə alınmır, eləcə də təqsirləndirilən şəxslərin niyyətinin qiymətləndirilməməsi hakimlərin qəsdən adam öldürmə ittihamı ilə bağlı tez-tez ölüm hökmü çıxarmasına səbəb olur.
Qisas, İran cinayət qanunlarında əsas cəza formalarından biri olaraq qalır və xüsusilə qəsdən adam öldürmə hallarında İslam şəriətinə uyğun tətbiq edilir. Qisas "bərabər cəza" prinsipi əsasında, təqsirli bilinən şəxsin həyatı qurabanın ailəsinin tələbi ilə alına bilər.
İranın cinayət qanunlarına görə, qurbanın ailə üzvləri və qan sahibləri (valideynlər, uşaqlar, bacı-qardaşlar və baba) qisas tələb edə bilərlər, lakin qadın həyat yoldaşları bu kateqoriyaya daxil deyil. Əgər qurbanın qan sahibləri qisas tələb edərsə, məhkəmə edam hökmünü çıxarır. Əgər bağışlama baş verərsə və ya Diyə (qan pulu) almağa razı olsalar, edam icra edilmir. Lakin təqsirləndirilən şəxs müəyyən olunmuş Diyə məbləğini ödəyə bilmədiyi və qurbanın ailəsinin razılığını ala bilmədiyi hallarda ölüm hökmü icra edilir.
İran İnsan Haqları Təşkilatının məlumatına görə, bu il İranda indiyədək 618 nəfər edam edilib, bu isə ölkədə hər gün orta hesabla 2-dən çox şəxsin edam edildiyini göstərir.
Forum