Aprelin 18-dən Qəzvin, Miyandab (Qoşaçay) və Meşginşəhr həbsxanalarında "qətl" və "narkotik qaçaqmalçılığı" ittihamlarından günahkar bilinən 5 məhbusun edam edildiyi bildirilir.
Bu barədə İnsan Haqları Təşkilatı (İHR) məlumat yayıb.
Aprelin 18-də Meşginşəhr həbsxanasında 3 məhbus edam edilib. Təxminən 5 il əvvəl “narkotik qaçaqmalçılığı" ittihamından təqsirli bilinən və edam cəzasına məhkum edilmiş, Meşginşəhr (Xiyav) və onun ətraf kəndlərindən olan Fərdin Musazadə, Mehdi Xadim və Hatif Şəbani asılaraq edam edilib.
Mayın 21-də Qəzvin vilayətinin Çubindər həbsxanasında 23 yaşlı Mehdi Ətayi adlı məhbus "zorlama" ittihamından təqsirli bilinərək edam edilib. İnsan Haqları Təşkilatının (İHR) məlumatlı mənbələrə istinadən verdiyi məlumata görə, edam edilən şəxs məhkəmədə günahsız olduğuna and içib və özü polisə müraciət etdiyini və günahkar dostlarının qaçdığını bildirib, lakin bunu sübut etmək üçün şahidləri olmayıb.
Bir gün sonra, mayın 22-də 18 yaşında ikən məhkəmə tərəfindən "qətl törətmək" ittihamından təqsirli bilinən Ramin Səadət Qərbi Azərbaycan vilayətində yerləşən Miyandab (Qoşaçay) həbsxanasında edam edilib. Səadətin edam edildiyi zaman 23 yaşı olduğu bildirilir. Bu məhbus 4 il 5 ay həbsdə olub və ailəsinin qurbanın ailəsindən güzəştə getməsi üçün razılıq almaq cəhdləri nəticəsiz qalıb.
Bu xəbərə görə, edam zamanı kəndir boşaldığı üçün, o, ikinci dəfə asılaraq edam edilib.
İHR insan haqları təşkilatı bu haqda qeyd edib ki, İran İslam Respublikasının cinayət qanunları qəsdən adam öldürmə cinayəti, qətl növünün şiddətindən və müttəhimin motivasiyasından asılı olmayaraq ölüm cəzasını tələb edir.
İran mediası həbsxanalardakı bu edamlarla bağlı məlumat verməyib.
Mərkəzi Norveçdə yerləşən hüquq müdafiə təşkilatı İHR-nin məlumatına görə, 2024-cü ilin əvvəlindən bəri İranda 145 gün ərzində 235 nəfər edam edilib.
Forum