Bir məhbusun ölüm hökmü Təbriz Mərkəzi Həbsxanasında icra edilib, Urmiyə həbsxanasında isə iki məhbus edam edilmək üzrə karserə köçürülüb.
İran İnsan Haqları Təşkilatının (İHR) yaydığı məlumata görə, aprelin 17-də çərşənbə günü səhər tezdən Təbriz həbsxanasında azyaşlı uşaq atası 28 yaşlı Əmin Musəvi Bəxşayiş adlı məhbus edam edilib. Bu məhbus dörd il əvvəl "qəsdən adam öldürmə" ittihamı ilə həbs edilib və məhkəmə orqanı tərəfindən ölüm cəzasına məhkum edilib. Bu şəxsin edam edildiyi barədə İran mediasında məlumat yayılmayıb.
Həmçinin dünən, çərşənbə axşamı, iyulun 23-də səhər saatlarında üç məhbus ölüm hökmünün icrası üçün Təbriz Mərkəzi Həbsxanasında karserə köçürülüb. Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı tərəfindən şəxsiyyətləri müəyyən edilən Behzad Səburi, Əli Əşrəfi və Davud Bipənah “narkotik qaçaqmalçılığı" ilə bağlı ittihamlarla edam cəzasına məhkum edildiyi bildirilir.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi xəbər verir ki, son günlərdə Urmiyə həbsxanasında edam hökmünün icrası üçün iki məhbus kaerserə köçürülüb. Əvvəllər "qəsdən adam öldürmə" ittihamı ilə edam cəzasına məhkum edilən bu məhbuslar hökmün icrası üçün karserə köçürülüblər.
Bu ilin əvvəlindən İran İnsan Haqları Təşkilatının statistikasına görə, 14-ü qadın olmaqla 282 nəfər edam edilib. Bu statistikaya əsasən, İranda ilin əvvəlindən hər gün orta hesabla 1,4 nəfər edam edilib.
Forum