Accessibility links

BMT eksperti İranda 1980-ci illərdə "qəddar cinayətlər" və "soyqırım"ın araşdırılmasına çağırır


Cavid Rəhman
Cavid Rəhman

BMT eksperti bazar ertəsi İranda dini azlıqlara qarşı və 1980-ci illərdə dissidentlərin təmizlənməsi fonunda törədilən soyqırım da daxil olmaqla, "qəddar cinayətlər"lə bağlı beynəlxalq araşdırmaya çağırıb.

BMT-nin İranda insan hüquqlarının vəziyyəti üzrə müstəqil xüsusi məruzəçisi Cavid Rəhman deyib ki, "nə zaman törədilməsindən asılı olmayaraq, insan haqlarının bu cür kobud pozulmaları cəzasız qalmamalıdır".

"İran rejimi və onun liderlərinin insanlıq əleyhinə törətdikləri və soyqırım cinayətlərinin nəticələrindən qaçmasına imkan verilməməlidir", o əlavə edib.

Mandatı iyulun 31-də başa çatan ekspert bəyanatında 1981, 1982 və 1988-ci illərdə sürətlə, özbaşına və məhkəmə keçirilmədən edamlardan ibarət "qəddarcasına cinayətlərin" insanlığa qarşı soyqırım” cinayətinə bərabər olduğunu bildirib.

Onun sözlərinə görə, edam edilənlər arasında öldürülməzdən əvvəl zorlandığı bildirilən qadınlar və çox sayda uşaq da olub.

Rəhman təəssüflə bildirib ki, "dini, etnik və dil baxımından azlıqların, eləcə də siyasi müxalifətin hədəfə alınması 1979-cu ildə İslam Respublikasının qurulmasının ilk onilliyi ərzində və o vaxtdan bəri tam cəzasızlıqla davam edib".

O, İranın ən böyük qeyri-müsəlman azlığı olan bəhailərə qarşı hücumların "soyqırım və təqib niyyətli" olduğunu vurğulayıb.

Human Rights Watch hələ aprel ayında xəbərdarlıq etmişdi ki, İran hakimiyyətinin bəhai azlığına qarşı təqibləri insanlığa qarşı cinayətdir.

Digər azlıqlardan fərqli olaraq, bəhailərin inancları İran konstitusiyası tərəfindən tanınmır və parlamentdə yerlərə malik deyil.

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası tərəfindən təyin edilmiş, lakin Birləşmiş Millətlər Təşkilatı adından çıxış etməyən Rehman 1980-ci illərin əvvəllərindən bəri 200-dən çox bəhainin edam edildiyi və ya öldürüldüyü, minlərlə insanın isə həbs edildiyi barədə məlumatlara işarə edib.

O həmçinin İranın "anti-İslam" qruplara qarşı repressiyaları fonunda marksistlər, ateistlər və digər dindar olmayanların da soyqırıma məruz qaldığını bildirib.

Rəhmanın hesabatında eləcə də 1988-ci ilin yayında, İraqla müharibənin sona çatdığı bir vaxt bir neçə ay ərzində əsasən gənclər olmaqla, İran həbsxanalarında minlərlə insanın məhkəməsiz edam edilməsi işarə edilərək, "şoka salan qəddarlıq" kimi təsvir edilib.

Forum

XS
SM
MD
LG