17 yaşında olarkən özündən 18 yaş böyük bir kişi ilə məcburi evləndirilən Əxtər Qurbanlı oktyabrın 1-də Şərqi Azərbaycanın Əhər şəhərindəki həbsxanada edam edilib. Onun həyat yoldaşını öldürdüyü üçün asıldığı bildirilir.
Məlumatlı mənbələr İran İnsan Haqları Təşkilatına (İHR) bildiriblər ki, Əxtərin atası,həyat yoldaşının varlı olması səbəbilə qızını bu izdivaca məcbur edib. Əxtər isə əvvəlcədən bu evliliyə qarşı çıxıb. O, ərini həb içirdərək öldürməkdə ittiham edilib. Lakin məhkəmə prosesinin detalları və işin gedişi barədə əlavə məlumat verilməyib. İran mediası isə bu edamla bağlı hələ ki, məlumat yaymayıb.
İranda, xüsusilə də Şərqi Azərbaycan kimi sosial və iqtisadi problemlərin çox olduğu bölgələrdə uşaq nikahlarının geniş yayıldığı müşahidə edilir. Xuzistan, Sistan və Bəlucistan vilayətləri də uşaq nikahlarının sayına görə ön sıralarda yer alır.
İslam Respublikasının qanunları bu problemin həllində səmərəsiz olub, məhkəmə sistemi isə bəzi hallarda bu nikahların artmasına səbəb olur. Bəzi mənbələr hətta dövlət qurumlarının erkən nikahlara səssiz dəstək verdiyini iddia edirlər.
İranın Mədəni Məcəlləsinin 1041-ci maddəsinə əsasən, 13 yaşdan kiçik qızların və 15 yaşdan kiçik oğlanların nikahı, valideynin razılığı və səlahiyyətli məhkəmənin qərarı ilə mümkün ola bilər.
Gender bərabərsizliyi, sosial adətlər və yoxsulluq kimi amillər bəzi bölgələrdə qız uşaqlarının erkən yaşda evləndirilməsinin artmasına səbəb olur.
İranlı ekspertlərin bildirdiyinə görə, sərhəd bölgələrində qızların erkən nikahları, mərkəzi və daha inkişaf etmiş vilayətlərə nisbətən daha çoxdur. Şərqi Azərbaycan isə qız uşaqlarının ən çox evləndirildiyi 6 vilayətdən biridir.
İran Statistika Mərkəzinin son məlumatlarına görə, 22 dekabr 2021-dən 21 dekabr 2022-yə qədər ölkənin müxtəlif bölgələrində ən azı 27 448 nəfər 15 yaşdan kiçik qızın nikahı qeydə alınıb. Bundan əlavə, 2018-ci ildən etibarən 18 yaşından kiçik qızların ərə verilməsi halları ilbəil artmaqdadır.
Forum