Accessibility links

Təbrizli jurnalist Fatma Qulupura qarşı yenidən məhkəmə işi açılıb


Fatma Qulupur
Fatma Qulupur

Təbrizli jurnalist Fatma Qulupur, polis şikayəti əsasında yenidən məhkəmə qarşısına çıxarılıb.

İranın "Rokna" xəbər agentliyinin müxbiri olan Qulupur, öz X (əvvəlki Twitter) hesabında paylaşdığı məlumata görə, Təbrizin Gülüstan Bağı parkında ağacların kəsilməsi ilə bağlı dərc etdiyi xəbərə görə polis tərəfindən məhkəməyə verilib. O, polisin şikayətindən sonra barəsində məhkəmə işinin açıldığını bildirib.

Jurnalist yazıb: “Cənablar xoşlamadıqları bir şeyi gördükdə dərhal şikayət edirlər və təsir gücündən istifadə etməyə davam edirlər.”

Bundan əvvəl Qulupur, Təbrizdə məhərrəmlik mərasimi zamanı bir qrup şəxsə hücumla bağlı yazdığı xəbərə görə kiber polis tərəfindən ifadə verməyə çağırılmış və “yalan məlumat yaymaq” ittihamı ilə məhkəməyə cəlb edilmişdi. Bu məhkəmə işi hələ də davam edir.

Fatma Qulupura qarşı növbəti məhkəmə işinin açılması, onun son illərdə yaşadığı təzyiqlərin davamı kimi qiymətləndirilir. O, daha əvvəl dindirilmə zamanı müstəntiqin ona polisin şəhərin təhlükəsizliyini qorumaq işinə şübhə yaradan xəbərlər yaymaq haqqının olmadığını dediyini açıqlamışdı.

Təbrizin Qaraağac məhəlləsində keçirilən məhərrəmlik mərasimində iki nəfərin ölümü, 25 nəfərin yaralanması ilə bağlı yazdığı xəbərin ardından Qulupura qarşı təzyiqlər daha da artmışdı.

Son hadisələr göstərir ki, Fatma Qulupur ictimai məsələlərə toxunan yazdığı xəbərlə görə təzyiqlərlə üzləşir. Polisin və digər güc strukturlarının jurnalistə təhdidləri və təzyiqləri, İranda media azadlığının məhdudiyyətlərini açıq şəkildə ortaya qoyur.

Forum

XS
SM
MD
LG