Təbrizdə fəaliyyət göstərən “Rokna” xəbər saytının jurnalisti Fatma Qulupur Gəncəli şəhərdə baş verən bir hadisə ilə bağlı yayımladığı xəbərə görə İnqilab Məhkəməsinə çağırılıb. Bir müddət əvvəl onun barəsində məhkəmə işi açıldığı ilə bağlı məlumat yayılmışdı.
Təbriz Ümumi və İnqilab Prokurorluğunun 1 saylı İstintaq şöbəsi tərəfindən ona göndərilən çağırış vərəqəsinə əsasən, jurnalist məhkəməyə qatılaraq "yalan məlumat yaymaq" ittihamı ilə özünü müdafiə etməlidir.
Jurnalistin Təbrizin Qaraağac məhəlləsində keçirilən məhərrəmlik mərasimi zamanı baş verən və iki nəfərin ölümü, 25 nəfərin yaralanması ilə nəticələnən toqquşma haqqında xəbər dərc etməsindən sonra ona qarşı təzyiqlər başlayıb. Fatma Qulupurun xəbərində, əllərində qəmə (xəncər) tutan bir qrup şəxsin matəm dəstəsinə hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla bir çox şəxsin yaralandığı qeyd olunmuşdu.
Bu xəbər yayımlandıqdan sonra jurnalist əvvəl Təbrizdə kiber polis mərkəzinə çağırılıb və orada sorğu-sual edilib. Daha sonra onun barəsində məhkəmə işi açılıb.
Qulupur Gəncəli öz X hesabında məhkəməyə çağırılması barədə bildirib ki, işin müstəntiqi onun təqsirsizliyini bildiyi halda, təzyiqlər səbəbindən çağırış vərəqəsi verərək işi məhkəməyə göndərmək məcburiyyətində qalıb.
Jurnalistin sözlərinə görə, ona sorğu-sual zamanı məhərrəmlik dəstələri ilə bağlı xəbər yaymağa haqqı olmadığı, polisin fəaliyyətini sorğulamağın da qadağan olduğu vurğulanıb.
Fatma Qulupur Gəncəli ümumiyyətlə Təbrizdəki hadisələr və zorakılıq qurbanları, xüsusilə qadınlarla bağlı xəbərlər hazırlayır. Hazırda o, "yalan məlumat yaymaq" ittihamı ilə İnqilab Məhkəməsində üzləşməyə hazırlaşır. Jurnalist işin çox sürətli şəkildə açılmasına diqqət çəkib və qarşılaşdığı təzyiqlərin artdığını bildirib.
O, bundan əvvəl də Təbrizdə transgender uşağın öldürülməsi ilə bağlı xəbərlər dərc etdiyinə görə polis tərəfindən təzyiqlərə məruz qalıb.
Forum