Təbrizli jurnalist Fatma Qulupur Gəncəli məhkəmədən bildiriş aldıqdan sonra Təbriz İkinci Cəza Məhkəməsinin 117 saylı şöbəsinə çağırılıb. O, məhkəmə bildirişini X sosial şəbəkəsində paylaşıb.
Bildirişə əsasən, Qulupur “yalan məlumat yaymaq” ittihamı ilə oktyabrın 19-da məhkəmədə özünü müdafiə etməlidir. Jurnalist paylaşımında yazıb ki, “Təbrizdə məhərrəm yas mərasiminə hücumla bağlı xəbər yaydığım üçün məhkəmədə mühakimə olunmalıyam! Mən bilməzdim ki, bu şəhərdə vəzifəmi yerinə yetirmək məni məhkəmə qarşısına çıxaracaq!”
Qulupur daha əvvəl dindirilmə prosesindən yazaraq, müstəntiqin ona polisin şəhərin təhlükəsizliyini təmin etmək işinə şübhə yaradan xəbərlər yaymağa haqqı olmadığını dediyini bildirmişdi.
İran cinayət qanunlarına görə, yalan məlumat yaymağa görə iki aydan iki ilədək həbs, 74 şallaq zərbəsi və ya cərimə cəzası nəzərdə tutulur.
Rokna xəbər portalının Təbriz müxbiri olan Qulupur Gəncəli daha əvvəl işinin media məhkəməsinə verilməsini istəmişdi. O, məhərrəmlik matəm mərasimi zamanı baş verən hücumla bağlı xəbər yaydığı üçün kiber polis tərəfindən dindirilib və istintaq təcridxanasında polisin nalayiq davranışı, eləcə də müstəntiqlər tərəfindən döyüldüyü barədə məlumat vermişdi.
Təbrizin Qaraağac məhəlləsində keçirilən məhərrəmlik mərasimi zamanı iki nəfərin həyatını itirdiyi, 25 nəfərin isə yaralandığı toqquşma haqqında xəbər yazan jurnalistə qarşı təzyiqlər davam edir.
Fatma Qulupur tərəfindən dərc olunan xəbərdə əllərində qəmə (xəncər) tutan bir qrup şəxsin matəm dəstəsinə hücumu nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, çox sayda insanın yaralandığı bildirilib.
Forum