Accessibility links

Təbrizli jurnalist polis nəzarətində döyüldüyünü bildirib


Təbrizli jurnalist Fatma Qulupur Gəncəli (Foto jurnalistin X hesabından götürülüb.)
Təbrizli jurnalist Fatma Qulupur Gəncəli (Foto jurnalistin X hesabından götürülüb.)

Təbrizli jurnalist Fatma Qulupur Gəncəli təhlükəsizlik polisinə aid təcridxanada döyüldüyünü bildirib.

Rokna xəbər saytı üçün çalışan jurnalist X sosial şəbəkəsində Təbrizdə təhlükəsizlik polisləri tərəfindən alçaldıcı rəftar gördüyünü və dindirmə zamanı ona şillə vurulduğunu yazıb.

O, təhlükəsizlik polisinin ona qarşı göstərdiyi təzyiqləri heç vaxt unutmayacağını və bu hərəkətlərə göz yummayacağını bəyan edib.

“Bir xəbər dərc etdiyimə görə təhlükəsizlik polisinə aparıldım; polkovnikin əmri ilə… İki əsgər və bir qadın məni pilləkənlərdə sürüyərək aparıb. Onların əlləri üzümə qalxanda min dəfə ölüb-dirildim” - deyə, o bildirib.

Fatma Qulupur Təbrizdə Məhərrəmlik yas dəstəsinə hücum haqqında xəbər dərc etdikdən sonra təhlükəsizlik polisinə çağırılıb və barəsində məhkəmə işi açılıb. Hazırda o, “ictimai rəyi çaşdırmaq məqsədi ilə yalan məlumat yaymaqda” ittiham olunur və Təbriz İnqilab Məhkəməsinin qərarını gözləyir.

Daha əvvəl Qulupur dindirmə və məhkəmə iclaslarında bütün ittihamları rədd etdiyini yazmışdı. O ona qarşı tərtib olunan ittiham aktında açıq-aşkar etirafların qeyd edildiyini, lakin heç bir ittihamı qəbul etmədiyini vurğulayıb. Jurnalist yalnız öz peşə borcunu yerinə yetirdiyini və yas mərasiminə hücum xəbərinin bu cür nəticələrə gətirib çıxaracağını bilmədiyini bildirib.

Jurnalist Fatma Qulupura qarşı təzyiqlər onun Təbrizin Qaraağac məhəlləsində baş tutan Məhərrəmlik mərasimi zamanı yaşanan hadisələrlə bağlı xəbər yayımlamasından sonra başlayıb. Həmin mərasimdə baş verən toqquşma iki nəfərin həyatını itirməsi və 25 nəfərin yaralanması ilə nəticələnmişdi.

Qulupurun hazırladığı xəbərdə qəmə (xəncər) ilə silahlanmış bir qrup şəxsin yas mərasiminə hücumu zamanı qadın və uşaqlar da daxil olmaqla, çoxsaylı insanların yaralandığı vurğulanmışdı.

Forum

XS
SM
MD
LG