Accessibility links

Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycandan üzr istədiyi bildirilir


Beynəlxalq Olimpiya Komitəsi (BOK) iyulun 26-da Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransa dövlətinə məxsus "France2" telekanalının müxbirinin Azərbaycana qarşı ifadələrinə görə üzr istəyib.

Bu barədə Azərbaycan Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev bildirib.

"BOK-un prezidenti cənab Tomas Baxa ünvanlanmış 27 iyul 2024-cü il tarixli məktubunuz üçün təşəkkür edirik. Fürsətdən istifadə edərək, Paris 2024 Olimpiya Oyunlarının Açılış Mərasiminin təkrar yayımı zamanı “France2” televiziyasının müxbirlərinin işlətdiyi ifadələrə görə sizə ən səmimi üzrxahlığımızı çatdırmaq istərdik. Bu cür ifadələr Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təbliğ etdiyi prinsiplərə və dəyərlərə uyğun gəlmir. Ona görə də biz bütün məsul şəxslərlə əlaqə saxlayıb onlara öz prinsiplərimizi və iş protokollarımızı xatırlatmışıq. Gələcəkdə oxşar ifadələrdən istifadə edilməməsi üçün aydın göstərişlərin çatdırıldığından əmin ola bilərsiz. Anlayışınıza görə çox minnətdarıq və 2024-cü il Paris Olimpiya Oyunları zamanı idmançılarınızın uğurlu nəticələr qazanması üçün hər şeyin ən yaxşısını arzu edirik", Mehdiyev BOK-un cavab məktubuna istinadən qeyd edib.

Mehdiyev bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarının yayımçısı olan “France 2” telekanalının ölkəsinə qarşı “tutduğu qərəzli mövqeyə və bu hadisədən Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana üzrxahlıq məktubunu nəzərə alaraq”, Fransa hökumətinin də Azərbaycandan rəsmi üzr istəməsini gözləyirlər.

Azərbaycanın Gənclər və İdman Nazirliyi yerli mediada BOK-un cavab məktubunun foto surətini də yayıb.

Xatırladaq ki, iyulun 26-da baş tutan açılış mərasimində Ermənistan idmançılarının paraddan keçidi zamanı şərhçi Ermənistanı Fransanın dostu adlandırıb və əlavə edib ki, “bu il erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb”.

Azərbaycanın Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi iyulun 27-də yaydıqları birgə məlumatda şərhçinin səsləndirdiyi fikirlərin Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulması olduğunu bildirib.

“Dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir”, məlumatda qeyd edilir.

Komitə bildirib ki, baş verənlərlə əlaqədar BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib.

Avqustun 11-ə kimi davam edəcək Yay Olimpiya Oyunlarında Azərbaycan millisi 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur.

Forum

XS
SM
MD
LG