Accessibility links

AİHM Azərbaycanla bağlı yeni qərarlarını elan edib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi iyulun 18-də Azərbaycanla bağlı 3 yeni qərarını elan edib. Hökumət mərhum vəkil Əlayif Həsənova qarşı qanun pozuntularını etiraf edərək ailəsinə təzminat ödəməyə razılaşıb.

Hüquqşünas Xalid Ağaliyevin məlumatına görə, Əlayif Həsənovun Avropa Məhkəməsindəki işləri onun defamasiyaya görə məsuliyyətə cəlb edilməsi və Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı olub.

Həsənov 2014-cü ildə həbsdə olan müvəkkili, tanınmış hüquq müdafiəçisi Leyla Yunusun Kürdəxanı istintaq təcridxanasında kamera yoldaşı tərəfindən təzyiqlərə məruz qalması ilə bağlı mətbuata məlumat verib.

Bundan sonra Yunusun sözügedən kamera yoldaşı Nuriyyə Hüseynova Əlayif Həsənovu böhtan atmaqda ittiham edib, məhkəmə vəkili Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri üzrə təqsirli sayaraq onun 240 saatlıq ictimai işlərə cəlb edilməsinə hökm verib. Bu hökmdən sonra Əlayif Həsənov həmçinin Vəkillər Kollegiyasından xaric edilib.

Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları bunu Azərbaycanda insan hüquqlarının müdafiəsində iştirak edən vəkillərə qarşı təzyiq kampaniyasının bir hissəsi hesab edib.

Əlayif Həsənov AİHM qarşısında Avropa İnsan Hüquqları Konvensiyasının 6 (Ədalətli məhkəmə araşdırması hüququ), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüququ), 10 (İfadə azadlığı) və 18-ci (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozuntusunu mübahisələndirmişdi. O, vəfat etdikdən sonra şikayətlərini oğlu Sübhan Həsənli davam etdirib.

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət əriəzçinin 1-ci ərizəsinə münasibətdə Konvensiyanın 6 və 10-cu, ikinci ərizəsinə münasibətdə Konvensiyanın 8 və 10-cu maddələrinin pozulmasını etiraf edərək ərizəçiyə təzminat ödəməyi təklif edib.

Ərizəçinin övladı təzminat məbləğinin ədalətli olmadığını məhkəməyə bildirsə də, AİHM ərizəyə baxılmasının davam etdirilməsi üçün əsasların olmaması qənaətinə gəlib.

Məhkəmənin qərardadına əsasən, ərizəçiyə mənəvi zərər əvəzi 9000, hüquqi məsrəflərə görə 1000 avro ödəməlidir. Ərizəçini AİHM-də hüquqşünas Xalid Bağırov təmsil edib.

Avropa Məhkəməsinin cümə axşamı elan etdiyi digər bir qərar isə “Rüstəmov Azərbaycana qarşı” üzrədir. Ərizəçi Namiq Rüstəmov kassasiya icraatında dinləmələr barədə lazımi qaydada məlumatlandırılmaması və bununla da Konvensiyanın 6-cı maddəsi üzrə qorunun hüquqlarının pozulması barədə şikayət edib.

Kommunikasiya zamanı hökumət məhkəməyə təktərəfli bəyannamə təqdim edərək iddia edilən pozuntuları etiraf edib və əvəzində təzminat təklif edib. Məhkəmənin həmin bəyannaməyə əsaslanan qərardadına görə, hökumət vəkil Aqil Layıcın təmsil etdiyi ərizəçiyə 4100 avro təzminat ödəyəcək.

Son olaraq, “İsmayılova Azərbaycana qarşı” işində ərizəçi şikayətini geri götürdüyü üçün AİHM ərizəni baxılacaq işlərin siyahısından çıxarıb.

Forum

XS
SM
MD
LG