İnsan Haqları üzrə Beynəlxalq Tərəfdaşlıq (International Partnership for Human Rights -IPHR) təşkilatı Azərbaycanda insan haqları sahəsində çalışan vəkillərə basqılardan, onların vəkillik fəaliyyətlərinin dayandırılmasından narahatlıq ifadə edən bəyanat yayıb.
"Azərbaycan hökuməti bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilmələrini təmin etməlidir", sənəddə vurğulanır.
İPHR diqqəti Azərbaycanda vəkillik fəaliyyətini tənzimləyən qanunlara ötən ilin sonlarında dəyişiklıik edilməsinə, ardınca insan haqları müdafiəsi sahəsində tanınan bir neçə vəkilin fəaliyyətinin müvəqqəti dayandırılmasına diqqəti çəkib.
"Aprel ayının 23-də Azərbaycan Vəkillər Kollegiyası iki tanınmış vəkilin - Əsabəli Mustafayevin və Nemət Kərimlinin lisenziyalarını müvəqqəti olaraq dayandırmaq barədə qərar qəbul edib. Bu qərar vəkillərin müdafiə etdikləri şəxslərin təzyiqə mərzu qalmasından sonra Azərbaycanın baş prokurorunun birinci müavininin şikayətindən sonra qəbul edilib", deyilən sənəddə Ə.Mustafayevin qaçaqmalçılıqda təqsirləndirilən siyasi fəal Gözəl Bayramlının, N.Kərimlinin isə Gürcüstan ərazisindən qaçırıldığı iddia olunan jurnalist Ə.Muxtarlının vəkili olmasına diqqət çəkilir.
İPHR 2018-ci ilin yanvarında başqa bir vəkil Fəxrəddin Mehdiyevin, ondan öncə isə Yalçın İmanovun də eyni əsaslarla vəkillik fəaliyyətlərinin dayandırıldığını qeyd edir. Eyni zamanda müxtəlif vaxtlarda vəkillər Elçin Namazovun, Fərhad Mehdiyevin, Aslan İsmayılovun, Muzəffər Baxışovun, Əlayif Həsənovun fəaliyyətlərinə dəxitam veridiyi vurğulanıb.
Sənəddə 2017-ci ilin noyabr ayında Azərbaycan parlamentinin vəkillik fəaliyyəti ilə bağlı qanunvericiliyə dəyişiklik etməsinə də toxunulub. Bildirilib ki, həmin dəyişikliklər Vəkillər Kollegiyasının üzvü olmayan praktik hüquqşünasların məhkəmələrdə təmsilçiliyini məhdudlaşdırıb. Təşkilat bu dəyişikliklərin hüquq müdafiəsi işində ciddi problemlər yaratdığını ifadə edib.
Təşkilat vurğulayır ki, qeyd olunan qanunvericilik düzəlişləri beynəlxalq hüquqla təminat altına alınan ifadə azadlığı hüququ, o cümlədən hüquqşünasların rolu ilə bağlı Azərbaycanın beynəlxalq öhdəlikləri və beynəlxalq standartlarla ziddiyət təşkil edir.
"İPHR Azərbaycan hökumətini bütün hüquqşünasların peşə fəaliyyətlərini maneəsiz və repressiya qorxusu olmadan həyata keçirə bilməsini təmin etməyə çağırır", sənədin sonunda vurğulanır.
Bir müddət əvvəl bəzi vəkillərin fəaliyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı Beynəlxalq Hüquqşünaslar Komissiyası (İnternational Commission of Jurists - İCJ) da bəyənat yaymışdı.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti aprelin 23-də Əsabəli Mustafayev və Nemət Kərimlinin vəkillik fəaliyyətlərinin bir illik dayandırılması barədə qərar qəbul edib.
Bir sıra ictimai-siyasi fəalların hüquqlarını müdafiə edən bu vəkillər baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırıldıqlarını bildiriblər.
Hər iki vəkil AzadlıqRadiosuna açıqlamalarında Vəkillər Kollegiyasının qərarının əsassız olduğunu deyiblər. Onlar vurğulayıblar ki, cinayət işlərini siyasiləşdirməkdə ittiham ediliblər.
Bundan əvvəl yanvarın 22-də vəkil Fəxrəddin Mehdiyevin də fəaliyyəti Rüstəm Usubovun müraciəti əsasında bir illik dayandırılıb.
Vəkil demişdi ki, buna səbəb hüquqlarını müdafiə etdiyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ona ünvanlanmış ittihamlara cavabını mətbuata verməsi göstərilib.
Ondan əvvəl -2017-ci il noyabrın 20-də vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə məhkəməyə müraciət edilməsinə qərar verilib.
Məhkəmə müraciəti təmin edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin işgəncəyə məruz qalması haqda şikayətinə görə açıqlaması ilə bağlı Penitensiar Xidmətin rəhbərliyinin müraciəti əsasında cəzalandırılıb. Penitensiar Xidmətin rəhbərliyi hesab edir ki, vəkil məlum açıqlaması ilə onların nüfuzuna xələl gətirib.
Vəkillər Kollegiyasından uzaqlaşdırılanlar arasında adları sadalananlarla yanaşı, Xalid Bağırov, Əlayif Həsənov, Aslan İsmayılov, Namizəd Səfərov, Müzəffər Baxışov və başqaları da var.
Vəkillər Kollegiyasının rəhbərliyi isə siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmır.
Kollegiyanın Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirmişdi ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.
Üstəlik, Kollegiya rəhbərliyi bəyan edib ki, onlar heç də vəkillərin mətbuata açıqlama verməsinə qarşı çıxmırlar.