Fevralın 7-də Ali Məhkəmədə hakim Rahib Nəbizadənin sədrliyi ilə vəkillikdən uzaqlaşdırılan Əlayif Həsənovun kassasiya şikayətini təmin etməyib.
Ə.Həsənov çıxışında vəkillikdən kənarlaşdırılmasının qanunsuz olduğunu bildirib. O həmçinin kollegiya üzvlüyündən çıxarılmaqla ayrı-seçkiliyə məruz qaldığını deyib.
Ə.Həsənov məhkəmədən aşağı instansiyanın qərarlarının ləğvini istəsə də, onun tələbi rədd edilib.
Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyib.
O, milli məhkəmələrin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyini bəyan edib.
Ə.Həsənov hazırda xaricdə olan hüquq müdafiəçisi Leyla Yunusun vəkili olarkən Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı. Kollegiya öz qərarını vəkilin məhkum edilməsi ilə əsaslandırmışdı.
Ə.Həsənovun məhkum edilməsi ilə bağlı məhkəmə hökmü Kürdəxanıdakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olmuş Nuriyyə Hüseynovanın şikayəti əsasında çıxarılmışdı.
Leyla Yunus vəkili vasitəsilə ictimaiyyətə açıqlamasında əvvəllər də məhkum olunmuş N.Hüseynovanın onun saxlanıldığı kameraya məqsədli şəkildə salındığını bildirmişdi. Hüquq müdafiəçisi həmçinin həmin qadın tərəfindən döyüldüyünü bildirirdi. N.Hüseynova buna görə vəkili məhkəməyə vermiş, onun barəsində Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə hökm çıxarılmasına nail olmuşdu.
Əlayif Həsənov vəkillik fəaliyyətinə xitam verilməsinin siyasi sifariş olduğunu deyib.
Son bir neçə ildə ölkənin tanınmış bir neçə vəkili - Elçin Namazov, Aslan İsmayılov, Xalid Bağırov, Müzəffər Baxışov və digərləri Vəkillər Kollegiyasından uzaqlaşdırılıb.