Accessibility links

Azərbaycanda günəş enerjisi istehsalı 8 dəfə artıb


Günəş enerjisi
Günəş enerjisi

2024-cü ilin yanvar-may ayları üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı 11 231,4 mln. kVt.st olub.

Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 5 ay ərzində elektrik enerjisi istehsalı İstilik Elelktrik Stansiyalarında (İES) 9 685,6 mln. kVt.st, Su Elektrik Stansiyalaırnda (SES) keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt.st artımla 1 197,3 mln. kVt.st, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 mln. kVt.st artımla 348,5 mln. kVt.st. təşkil edib. Yanvar-may ayları ərzində külək elektrik stansiyalarında 26,3 mln. kVt.st, günəş elektrik stansiyalarında ötən ilin müvafiq dövrünə nisbətən 181 mln. kVt·st artımla 206,5 mln. kVt.st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 mln. kVt.st elektrik enerjisi istehsal edilib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt.st, idxalı isə 80,9 mln. kVt.st olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 999,5 mln. kVt.st olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt.st, idxalı isə 19 mln. kVt.st təşkil edib.

Azərbaycan Prezidenti Ilham Əliyev iyunun əvvəlində bildirib ki, Azərbaycan elektrik enerjisi ixrac edən ölkədir.

“Bu il biz artıq dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə iki təməlqoyma mərasimi keçirmişik. Hazırda biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, yalnız başlanğıcdır”.

Onun bildirdiyinə görə Xəzər dənizinin Azərbaycan sektorunun potensialı 150 min meqavat elektrik enerjisi təşkil edir.

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, çox qısa zamanda Azərbaycanda yaşıl enerjiyə keçidi tamamilə həyata keçirmək mümkündür.

“Əslində Azərbaycan bu sahədə daha çox meqa layihələrə üstünlük verir. Yəni böyük istehsal gücləri yaranacaq günəş enerjisi stansiyaları barədə Birləşmiş Ərəb Əmirlikləri ilə bir müqavilə imzalanıb. Külək enerjisi ilə bağlı meqa layihələr nəzərdə tutulub. Amma əslində biz dünya ölkələrinin təcrübəsini öyrənəndə görürük ki, ev təsərrüfatları üzərindən bərpa olunan yaşıl enerjiyə keçid də daha çox effektivdir və daha çox effekt verir. Bununla bağlı Türkiyədə çox yaxşı qanunlar qəbul olunub. Hətta ev təsərrüfatları özlərinə lazım olan enerjini istehsal etdikdən sonra artıq qalanını şəbəkəyə geri sata bilirlər. Məsələn, Antaliya, Alaniya bölgəsində 4 milyona yaxın ailə artıq bu komponentin, proqramın iştirakçısına çevrilib”, o qeyd edib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, Azərbaycan necə neft ixracatçısı ölkəsindən stabil qaydada qaz ixracatçısı ölkəsinə keçdi, eləcədə də yaşıl enerji ixracatçısı ölkəsinə keçəcək.

“Azərbaycan Avropa ilə qrtıq üçüncü enerji dəhlizinin açılmasına hazırlıq görür. Bu baxımdan bu il martın 1-də Qara dənizin dibi ilə keçərək Avropaya uzanacaq magistral elektrik xəttinin keçəcəyi ölkələrin enerji nazirlərinin 6-cı toplantısı olub. Çox yaxşı haldır ki, artıq Xəzərin şərq sahillərindən Qazaxıstan və Özbəkistan bu görüşlərdə aktiv iştirak edir”, o qeyd edib.

İlham Şaban deyib ki, Özbəkistan və Qazaxıstan da üçüncü enerji dəhlizinin açılmasında fəaldır.

“Hazırda dünyada yaranmış siyasi-iqtisadi qeyri-müəyyənlikdə Xəzərin şərq sahili ilə qərb sahilini artıq boru kəməri deyil, elektrik enerjisi kabelinin birləşdirəcəyi reallığı üzə çıxır”, o qeyd edib.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıb. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Black Sea Energy dənizaltı elektrik kabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilən yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya nəql etmək üçün Macarıstana və Avropanın qalan hissəsinə çatdıracaq.

Forum

XS
SM
MD
LG