Bir sıra ekspertlər İran prezidenti İbrahim Rəisinin ölümünün ölkə daxilində rejimdən narazılıqlar və regional gərginliklər fonunda İslam Respublikası rejimi üçün qeyri-müəyyənliklər yarada biləcəyini bildirirlər. Onların fikrincə, İran rejiminin daxili problemlər və xarici sınaqlara necə cavab verəcəyi İranın və eləcə də Yaxın Şərqin gələcəyi üçün həlledici ola bilər. Beynəlxalq və yerli müşahidəçilər İbrahim Rəisinin ölümünün İslam Respublikasının qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərinə hansı şəkildə təsir göstərə biləcəyini diqqət mərkəzində saxlayır. Ekspertlər son zamanlar Bakı və Tehran arasında əlaqələrin yaxşılaşmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin mürəkkəb xarakterini qeyd edir. Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl Amerikanın Səsinə müsahibədə prezident Rəisinin ölümündən sonra İranın daxili və xarici siyasətinin istiqamətləri və Azərbaycan-İran münasibətlərini şərh edib.