Accessibility links

AŞPA rusiyalı məmurlara qarşı sanksiyalara çağırır


AŞPA yaz sessiyası
AŞPA yaz sessiyası

Avropa Şurası Parlament Assambleyası (AŞPA) həbsdə olan rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzaya qarşı təqib və pis rəftara görə məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiqinə çağıran qətnamə qəbul edib.

Estoniyalı deputat Eerik-Niiles Krossun hazırladığı hesabat və 51 nəfərin yer aldığı sanksiya siyahısı çərşənbə günü AŞPA tərəfindən mütləq səs çoxluğu ilə qəbul edilib. Səsvermədə iştirak edən 100 deputatın hamısı sənədin lehinə səs verib.

Kara-Murza siyahısı” adlandırılan sanksiya siyahısında rusiyalı hakimlər, prokurorlar, hüquq-mühafizə orqanları əməkdaşları, məmurlar və digər şəxslər yer alır. AŞPA həmin şəxslərin Kara-Murzanı susdurmaq üçün öz vəzifələrindən və Rusiya ədliyyə sistemindən kobud şəkildə sui-istifadə etdiyini vurğulayır.

“Kara-Murza siyahısı”nda yer alanların bir çoxuna daha əvvəl Birləşmiş Ştatlar, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Avstraliya və Litva tərəfindən sanksiya tətbiq edilib.

Qətnamədə Aİ və hədəfli sanksiyalarla bağlı qanunvericiliyə malik olan bütün dövlətlər Vladimir Kara-Murzaya qarşı təqib və pis rəftardan, habelə Aleksey Navalnının ölümündən bilavasitə məsul olan şəxsləri sanksiya etməyə çağırılır.

AŞPA həmçinin üzv ölkələri “Maqnitski qanunvericiliyi”nə oxşar milli qanunvericilik qəbul etməyə, Rusiya ilə məhbusların mübadiləsi ilə bağlı danışıqlar aparan bütün dövlətləri bu cür mübadilələrə Vladimir Kara-Murzanı da cəlb etməyə çağırıb.

Bundan əlavə, AŞPA Rusiya hakimiyyətinə çağırış edərək Kara-Murzanı və siyasi motivlərlə həbs edilən digər fəalları dərhal azad etməyə çağırıb.

“Vladimir Putin hakimiyyətdə qaldıqca daxili repressiya və xarici təcavüz davam edəcək. Avropada sülhün və sabitliyin yeganə əsl zəmanəti öz vətəndaşlarının hüquqlarına hörmət edən və qonşuları ilə sülh şəraitində yaşayacaq demokratik Rusiyadır”, Vladimir Kara-Murzanın xanımı Yevgeniya Kara-Murza Amerikanın Səsinə deyib.

Putin hakimiyyətinin kəskin tənqidçilərindən olan Kara-Murza 2015-ci ildə Moskvada öldürülən müxalifət lideri Boris Nemtsovun yaxın tərəfdaşlarından biri olub. Onun özü də 2015 və 2017-ci illərdə zəhərlənmə əlamətləri ilə xəstələnib.

Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarşı çıxan Vladimir Kara-Murza 2022-ci ilin aprelində saxlanılıb. Ötən il aprelin 17-də Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə, Rusiya ordusu barədə “saxta məlumat yaymaqda” və “arzuolunmaz” təşkilatın fəaliyyətində iştirakda ittiham edərək 25 il həbsə məhkum edib.

Aİ ötən ilin iyununda İttifaqın “Qlobal İnsan Hüquqları Sanksiya Rejimi” çərçivəsində Rusiyanın ədliyyə nazirinin müavini də daxil olmaqla, Kara-Murzanın saxlanılmasında, məhkəmə prosesində iştirak edən 9 nəfərə sanksiya tətbiq edib. Həmin şəxslərə daha əvvəl ABŞ, o cümlədən Böyük Britaniya və Kanada tərəfindən də sanskiya irəli sürülüb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG