Accessibility links

Yaşar Gülər: Türkiyə Azərbaycan da olmaqla, müttəfiq ölkələrin haqlı mövqeyini dəstəkləyir, regional təhlükəsizlik və sülhə töhfə verir


"Türkiyə Silahlı Qüvvələri başda Şimali Kipr və Azərbaycan olmaqla, qardaş, dost və müttəfiq ölkələrin haqlı mövqeyini dəstəkləyir, qlobal və regional təhlükəsizliyə, sülhə və sabitliyə töhfə verir".

Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Şanlıurfa vilayətinə səfəri zamanı səsləndirib.

Onun sözlərinə görə, Prezident Ərdoğanın liderliyindəki müasir Türkiyə sülh istiqamətində ciddi addımlar atmağa davam edir.

“Qarabağ, Liviya, Ukrayna-Rusiya müharibəsi, Yaxın Şərq və bir çox digər bölgədə problemlərin həllinə çalışdıq, bu istiqamətdə dəyərli təşəbbüslərlə çıxış etdik və etməyə davam edirik” - deyə, Gülər vurğulayıb.

Türkiyənin qlobal aktyora çevrildiyini, beynəlxalq danışıqlar masasında və ümümilikdə qlobal təhlükəsizlik arxitekturasının aktiv iştirakçısı kimi sülh və təhlükəsizliyə maksimum dəstək verdiyini qeyd edən milli müdafiə naziri Türkiyə ordusunun son illərdə həyata keçirdiyi uğurlu antiterror əməliyyatlarına da diqqət çəkib. Nazir “PKK terrorçularına çox ciddi zərbələr endirilib. Bu qanlı təşkilatın fəaliyyət qabiliyyəti tükənməkdədir”- deyə, vurğulayıb.

Üç il əvvəl iyunun 15-də Şuşa şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında hərbi müttəfiqliyi rəsmiləşdirən Azərbaycan və Türkiyə arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsini imzalayıb.

Bəzi təhlilçilər bəyannamənin regionda yeni geosiyasi ab-hava yaranması üçün əsaslar yaratdığını hesab edir. Onların fikrincə, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq genişlənmə xətti üzrə inkişaf edir.

Müxalifət və bir sıra ictimai təşkilatlar hətta Azərbaycanı Türkiyə ilə hərbi ittifaq yaratmağa səsləyir.

Bu yaxınlarda Amerikanın Səsinə müsahibə verən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi ittifaq daha da güclənəcək.

“Müharibə və ondan sonrakı dövrdə Azərbaycanla Türkiyə arasında hərbi strateji müttəfiqlik daha da artıb. Bunu artıq Rusiya da qəbul edir”, Elxan Şahinoğlu bildirib.

Forum

XS
SM
MD
LG