Accessibility links

Güneyli siyasi məhbus Əli Rəzizadənin şərti əfv tələbi rədd edilib


Güneyli siyasi məhbus Əli Rəzizadə Nadarlı
Güneyli siyasi məhbus Əli Rəzizadə Nadarlı

Tehranın Evin həbsxanasında bir illik həbs cəzasını çəkməkdə olan azərbaycanlı siyasi məhbus Əli Rəzizadənin məzuniyyətə çıxmasına icazə verilməyib. Həmçinin onun şərti azadlığa buraxılması tələbi də rədd edilib.

Bu barədə insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.

Cəzasının az qala yarısını Evin həbsxanasının 8-ci bölməsində keçirən Əli Rəzizadə Nadarlı şərti azadlığa çıxmaq üçün məhkəməyə müraciət etsə də məhkəmə onun vəsatətini rədd edib.

HRA agentliyi türk məhbusun yaxınlarına istinadən yazıb ki, məhkəmənin Rəzizadənin tələbinə qarşı çıxmasına səbəb təhlükəsizlik qüvvələrinin onun işinə müdaxilə etməsi olub.

Əli Rəzizadə Nadarlı ötən il oktyabrın 29-dan Evin həbsxanasında saxlanılır. O, əvvəlcə Tehran Ümumi və İnqilab Məhkəməsinin 15 saylı şöbəsi tərəfindən 2 il müddətinə azadlıqdan məhrum edilib, lakin daha sonra Tehran vilayətinin apellyasiya məhkəməsi onun cəzasının yarısını 5 il müddətinə şərti hesab edib. Apellyasiya məhkəməsinin hökmünə əsasən, o, azadlığa çıxdıqdan sonra 5 il ərzində yenidən həbs olunarsa, şərti hesab edilən həbs cəzasını çəkməli olacaq.

Onun barəsində məhkəmə qərarında yer alan ittiham “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə pantürkist qruplaşmaya üzv olmaq” olub.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə evlidir və bir övlad sahibidir. O, Tehranda yaşayır.

Məhkəmə azərbaycanlı fəala qarşı çıxardığı hökmdə ona qarşı irəli sürülən ittihamların izahatına “İnstagramda pantürkist düşüncələri təbliğ etmək məqsədilə səhifə açmaq” və “ ölkə təhlükəsizliyinə qarşı təqsirli bilinən məhbuslara dəstək məqsədilə video paylaşmağı” dəlil olaraq göstərmişdi.

İslam Respublikasının siyasətini tənqid edən bir çox siyasi və ictimai fəal sadəcə sosial media platformalarında tənqidi məzmun yaydıqlarına görə həbs edilir və uzunmüddətli həbs cəzalarına məhkum edilirlər.

Forum

XS
SM
MD
LG