Accessibility links

“Kanal 13” internet televiziyasının rəhbərinin apellyasiya şikayəti təmin olunmayıb


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində verilən apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə Amerikanın Səsinə Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, aprelin 1-də Apellyasiya Məhkəməsi Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Həbsinin uzadılması ilə bağlı münasibətinə gəldikdə isə Lamiyə Orucova bu qərarın gözlənilən olduğunu bildirib.

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG