Accessibility links

Lamiyə Orucova: Əzizin əsəbləri ötən görüşlərə nisbətən daha sakit olsa da, əllərində əsmə vardı


Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri
Əziz Orucov, Kanal 13 internet televiziyasının rəhbəri

“Dünən nəhayət Əziz Orucovla müalicə müəssisəsində görüşə bildim. Əzizin ümumi görünüşü və səhhəti pis deyil idi. Əsəbləri ötən görüşlərə nisbətən daha sakit olsa da, əllərində əsmə vardı.

Bu barədə Amerikanın Səsinə Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

“Bilmirəm indi aldığı dava-dərmanın nəticəsidi olaraq sakit idi, yoxsa türməyə nisbətdə oradakı mühit daha yumşaq idi, onu artıq bilmirəm. Həkimlərdən və göstərilən münasibətdən razılıq edirdi. Ora köçürüləndən sonra müalicə və müayinəsinə başlanılıb”, o qeyd edib.

Həbsinin uzadılması ilə bağlı münasibətinə gəldikdə isə Lamiyə Orucova bu qərarın gözlənilən olduğunu bildirib.

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

XS
SM
MD
LG