Accessibility links

Nigar Həzi: Atam Tofiq Yaqublu ilə bağlı istintaq hərəkəti aparılmır


Tofiq Yaqublu
Tofiq Yaqublu

“Atam Tofiq Yaqublunun həbsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmır. Aprelin 14-də həbsinin 4 ayı tamam olacaq”.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi martın 31-də onunla görüşdən sonra Amerikanın Səsinə deyib.

Nigar Həzi: Atam Tofiq Yaqublu ilə bağlı istintaq hərəkəti aparılmır
please wait

No media source currently available

0:00 0:01:24 0:00

Onun sözlərinə görə, müstəniq yalnız Yaqublunun həbsindən iki həftə sonra onunla görüşərək “bəzi saxta sənədləri” təqdim edərək istintaq hərəkəti aparıb.

Nigar Həzi hesab edir ki, atası barədə seçilmiş həbs qətimkan tədbiri digər siyasi məhbuslarda olduğu kimi uzadılacaq.

Nigar Həzi atasının səhhətinin normal olduğunu deyib.

“Dünən atamla görüşdüm. Əhval-ruhiyyəsi yaxşıdır, mübarizə əzmindədir. Səhhətində problem yoxdur. Bir az çəki itirib. Həbs yerində daha çox ölkədə və dünyada baş verən hadisələrlə maraqlanır. Ən çox Ukrayna-Rusiya cəbhəsində baş verənləri izləyir. O hesab edir ki, Azərbaycandakı dəyişikliklərin perspektivi birbaşa Ukraynanın qələbəsi ilə bağlıdır”, o qeyd edib.

Nigar Həzinin bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma, bunlar hələ baş verməyib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son günlərdə ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 10 jurnalist və media əməkdaşı həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), 2021-ci ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 288 şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG