Accessibility links

Avropa Şurasının İnsan hüquqları üzrə yeni Komissarı mandatına başlayıb


Maykl O’Flaherti, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı
Maykl O’Flaherti, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı

Avropa Şurasının İnsan hüquqları üzrə yeni komissarı Maykl O’Flaherti aprelin 1-dən etibarən altı illik mandatına başlayıb.

İrlandiyalı insan hüquqları vəkili mandatı dönəmində insan hüquqlarını üzv dövlətlərin gündəliyinin mərkəzinə yerləşdirmək vədi verib və ilk səfərini Ukraynaya etmək niyyətində olduğunu açıqlayıb.

“Rusiyanın Ukraynada insanların dəhşətli iztirablarına və dağıntılara səbəb olan genişmiqyaslı işğalının insan haqları ilə bağlı nəticələrini aradan qaldırmaqdan daha təcili heç nə düşünə bilmirəm”, O’Flaherti bazar ertəsi bildirib.

İnsan hüquqları Komissarı iqlim böhranı, ifadə azadlığı, miqrasiya, antisemitizm və müsəlmanlara qarşı hücumlar da daxil olmaqla, nifrət nitqinin artması, süni intellektin idarə olunması kimi məsələləri pritotet sahələr kimi göstərib.

O’Flaherti həmçinin mandatından istifadə edərək insan hüquqları müdafiəçilərini dəstəkləmək və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına töhfə vermək niyyətində olduğunu vurğulayıb.

Daha əvvəl Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin direktoru, İrlandiya Milli Universitetində İnsan Hüquqları üzrə professor və İnsan Hüquqları üzrə İrlandiya Mərkəzinin direktoru, Şimali İrlandiya İnsan Hüquqları Komissiyasının baş komissarı və BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü olan Maykl O’Flaherti yanvarın 25-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Avropa Şurasının İnsan hüquqları üzrə yeni Komissarı seçilib.

1999-cu ildə təsis edilən İnsan hüquqları üzrə Komissar ofisi Avropa Şurasının müstəqil və tərəfsiz orqanıdır. İnsan hüquqları Komissarının məqsədi Avropa Şurasına üzv ölkələrdə insan hüquqlarına dair məlumatlılığı və hörməti təşviq etmək, insan hüquqları ilə bağlı qanun və təcrübədə mümkün çatışmazlıqları müəyyən etmək, həmçinin milli ombudsman təsisatlarının və digər insan hüquqları strukturlarının fəaliyyətini asanlaşdırmaqdır.

Avropa Şurasının İnsan hüquqları üzrə əvvəlki Komissarı Dunya Miyatoviç idi.

Forum

XS
SM
MD
LG