Accessibility links

Əhəd Seyfxah Təbriz Mərkəzi Həbsxanasına köçürülüb


Əhəd Seyfxah
Əhəd Seyfxah

Bazar ertəsi, martın 25-də Əhəd Seyfxah ailəsi ilə telefon danışığı zamanı Təbriz Mərkəzi Həbsxanasına köçürüldüyünü açıqlayıb.

Bununla bağlı bölgədəki hüquq müdafiəçiləri Telegram kanallarında məlumat yayıblar.

Bu xəbərə görə, təhlükəsizlik qüvvələri tərəfindən daha öncə həbs edilən türk fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah bu gün Təbriz Kəşfiyyat Təcridxanasından bu şəhərin həbsxanasına köçürülüb. O, 20 gün təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirilərək, ifadə vermək üçün təzyiq altında olub.

Təhlükəsizlik qüvvələri martın 6-da Təbrizin Kəlankəş kəndindəki evlərinə basqın edərək, Əhəd və Cəfər seyfxah qardaşlarını döyərək həbs edib. Cəfər bir gün sonra sərbəst buraxılsa da, Əhəd Seyfxah Təbriz Kəşfiyyat İdarəsinin təcridxanasına köçürülüb.

Sosial mediada fəaliyyət göstərən milli fəalların Telegram kanallarında yaydıqları məlumatlara görə, təhlükəsizlik qüvvələri bu kənddəki Seyfxah ailəsinin evinə basqın edərək reyd keçirməklə, həbs edilmiş milli fəal Ayaz Seyfxaha aid cib telefonu müsadirə etməyi planlaşdırıblar. Lakin siyasi məhbusun qardaşları təhlükəsizlik qüvvələrinin qanunsuz şəkildə evdə reyd keçirmələrinə etiraz etdiyi üçün kəşfiyyat agentləri tərəfindən şiddətə məruz qalıb və həbs ediliblər.

Həmçinin yayımlanan xəbərlərə görə, bundan əvvəl təhlükəsizlik qüvvələri ailənin atası Rəhman Seyfxahı telefon zəngi ilə hədələyərək, oğlunun mobil telefonunu təhlükəsizlik agentlərinə təhvil verməsini istəyiblər. Həmin telefon əlaqəsində agentlər, Rəhman Seyfxahdan telefonu təhvil verməklə oğlunun "əziyyət olmasına" son verməsini istəyiblər. Bu, Seyfxah ailəsinin narahatlığını artırıb və Əhəd Seyfxaha işgəncə verilməsi ilə bağlı şübhələrə səbəb olub.

Ayaz Seyfxah fevralın ilk həftəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və sonra Tehranın Evin həbsxanasındakı təhlükəsizlik qüvvələrinin təcridxanasına köçürülüb. Onun həbsi İranın müxtəlif şəhərlərində fevralın 5, 6 və 7-də bir çox fəalın həbsi ilə müşayiət olunub. Milli fəal Ayaz Seyfxaha qarşı irəli sürülən ittihamlar barədə məlumat yoxdur.

Evin həbsxanasından bir sıra milli fəallar müvəqqəti olaraq azadlığa buraxılsa da, hazırda Ayaz Seyfxah, Araz Əman, Bağır Hacızadə, Əbdüləziz Əzimi Qədim, Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərəm Mərdanə hələ də, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır.

Forum

XS
SM
MD
LG