Təhlükəsizlik qüvvələri Təbrizin Kəlankeş kəndində həbs edilmiş milli fəal Ayaz Seyfxahın evinə basqın edərək bu fəalın iki qardaşını həbs edib.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydıqları məlumata görə, həbs edilən milli fəalın qardaşları Cəfər və Əhəd Seyfxah təhlükəsizlik qüvvələri tərəfindən döyülərək saxlanılıb.
Günaz TV saytında yayımlanan xəbərə görə, təhlükəsizlik qüvvələri Ayaz Seyfxahın mobil telefonunu müsadirə etmək bəhanəsi ilə kəndə gedərək, fəalın iki qardaşını döyüb və həbs edib.
Cəfər Seyfxah həbs olunduqdan bir neçə saat sonra sərbəst buraxılsa da, Əhəd Seyfxahın hələ də təhlükəsizlik qüvvələrinin nəzarətində olduğu bildirilir.
Ayaz Seyfxah fevralın ilk həftəsində Təbriz şəhərində İran Azərbaycanı və İranın müxtəlif şəhərlərində bir neçə fəalla eyni zamanda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda Tehranın Evin həbsxanasında saxlanılır.
Seyfxahın keçən həftə Araz Əman və Əbdüləziz Əzimi Qədim ilə birgə həftələrlə təcridxanada dindirildikdən sonra Evin həbsxanasının ümumi bölməsinə köçürüldüyü bildirilib.
Hələ ki, Ayaz Seyfxaha qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yoxdur.
Fevralın 5, 6 və 7-də milli fəallar Səid Minayi, Mürtəza Pərvin, Ayaz Seyfxah, Səid Camalzadə, Bağır Hacızadə, Araz Əman, Salar Tahir Əfşar, Vədud Əsədi, Abdullah Vahidi, Kəmal Nuri, Əbdüləziz Əzimi Qədim, Tahir Nəqəvi, Aydın Məhəmmədi, Kərəm Mərdanə və Səid Dustan nəzarət altına alınıblar. Həbs edilmiş fəallardan indiyə qədər Salar Tahir Əfşar, Aydın Məhəmmədi və Səid Dustan müvəqqəti olaraq azadlığa buraxılıb.
Forum