"Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutub".
Bu barədə Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.
Onun sözlərinə görə, Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib.
“Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb”, Nəsimi Məmmədli qeyd edib.
Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də, hələ bu müayinəni aparmaq mümkün olmadığını bildirib.
“Ələsgər bəyin ümumi səhhəti normal görünsə də, nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur”, o deyib.
Nəsimi Məmmədli vurğulayır ki, qardaşı heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir.
“Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir.
Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi. Barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı.
Ələsgər bəy tamamilə qondarma ittihamla həbs olunub. Onun həbsinin yeganə səbəbi azad, müstəqil, qərəzsiz, obyektiv, ədalətli və balanslı media orqanı yaratmasıdır. O, Toplum TV-nin təsisçisi kimi nümunəvi bir media orqanını cəmiyyətə təqdim etmişdi. İqtidarın, müxalifətin, müstəqil şəxslərin sərbəsət şəkildə öz fikirini ifadə etdiyi bir platforma idi. Toplum TV qısa müddətdə alternativ fikirlərin tribunası olaraq özünü təsdiq edə bildi. Təəssüf ki, belə bir önəmli media resursunu davam etdirmək mümkün olmadı” Nəsimi Məmmədli bildirib.
Nəsimi Məmmədli hesab edir ki, dövlət qurumları Ələsgər bəyin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.
Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi "Toplum TV"nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.
Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, Ələsgər Məmmədlinin və siyasi motivlərlə həbs edilən digər şəxslərin həbsi yanlış və təəssüfləndirici haldır.
"Hakimiyyətin bu yanlışı aradan qaldırmaq şansı var idi. Amma təəssüf ki, bu yanlışı davam edərək Ələsgər Məmmədli kimi bir ziyalını həbsdə saxladılar. Amma hakimiyyətin yanlış addımlarını aradan qaldırmaq şansları hələ də var. Odur ki, hakimiyyəti Ələsgər bəyi və siyasi motivlərlə həbs edilmiş digər şəxsləri həbsdən buraxmağa çağırıram", Samir Kazımlı deyib.
Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan "beşinci kolon"-la əlaqələndirib.
Forum