Accessibility links

Toplum TV-nin baş redaktoru ifadə verməkdən imtina edib


Xədicə İsmayıl
Xədicə İsmayıl

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bir neçə saatdan sonra Bakı şəhər Baş Polis İdarəsindən sərbəst buraxılıb.

Xədicə İsmayılın Amerikanın Səsinə verdiyi məlumata görə, o, ibtidai istintaq zamanı ifadə verməkdən imtina edib.

“Müstəntiq Əlibala Hacıyev dindirdi. Dindirmə zamanı prosedur mövzularında mübahisə elədik. Ona görə biraz uzun çəkdi. Məğz bundan ibarət idi ki, mən ifadə verməkdən imtina etdim. Çünki Azərbaycan Konstitusiyasının 66-cı (heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir) maddəsi və Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 227-ci maddəsi ( şahidin dindirilməsi) mənə bu haqqı verir”, Xədicə İsmayıl bildirir.

O hesab edir ki, gələcəkdə verəcəyi ifadədən onun əleyhinə istifadə oluna bilər.

“Mən istintaq orqanının qərəzini hiss etdim. Buna görə də Konstitusiya hüququmdan istifadə elədim”, Xədicə İsmayıl əlavə edib.

Növbəti dəfə çağırılması barədə isə ona heç bir şey deməyiblər.

Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsi hələlik şərh verməyib. Amma bir qayda olaraq, ibtidai istintaq aparılan cinayət işləri ilə bağlı açıqlama vermir.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl martın 14-də Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib.

Bu barədə Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib.

“Bakı şəhər Baş Polis İdarəsindən Eldar Qədimov adlı müstəniq zəng edib, dəvət etdi. Başqa bir izah vermədi. Bundan öncə zəng edəndə demişdilər ki, Toplum TV-nin işi ilə bağlı sualları var”, o qeyd edib.

Xədicə İsmayıl istintaqa şahid qismində çağırıldığını bildirib.

O, beynəlxalq və yerli ictimaiyyətə müraciət edərək deyib: “Toplum TV cinayətlə məşğul olmayıb, jurnalistika ilə məşğul olub. Ümid edirəm ki, həbsdə olmasam jurnalist fəaliyyətimi davam etdirəcəyik. Əgər hesab edirlərsə bir-bir bizi susdurmaqla nəyəsə nail olacaqlar, bunun da yalan olduğunu onlara sübut etmək lazımdır”, baş redaktor qeyd edib.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Martın 8-də isə Toplum TV-nin təsisçilərindən Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

Forum

XS
SM
MD
LG